
Azərbaycanda «mövsümün ikinci yarısının ən yaxşı komandası» nominasiyası üzrə sorğu keçirilsə, şübhə yoxdur ki, adı ən çox çəkilən «Zirə» olacaq.
Rəşad Sadıqovun yaratdığı alman motoru kimi işlək və keyfiyyətlidir.
İkinci yer onlarındır. Premyer Liqa gündəliyini bununla bağlayaq.
Bu «Zirə» avrokuboklarda fırtına qoparacaq. Göz dəyməsin təki. Qruplara qalacaqlarını proqnozlaşdırmaq olar.
Ötən ilin müvafiq vaxtı ilə müqayisə etsək, indiki «Zirə» ondakından iki dəfə güclüdür.
Hər bir futbolçuda artım hiss olunur. Nəinki yalnız Salifu Sumada.
Suma «Zirə»nin «qızıl teşt»idir. Yəqin ki, yayda onu satacaqlar. «Zirə»nin afrikalı vingerə 1,5-2 milyon avrodan aşağı qiymət qoyacağını isə güman eləmirəm.
Çox olar, az olmaz.
Suma bu gün Avropanın istənilən ortabab klubunda adından söz etdirə bilər. Sürəti, texnikası, mövqe seçimi və özünəinamı ilə başqalarından fərqlənir.
Yaşı azdır, bu da dəyərini artırır. Özünü tanıyan istənilən menecer, gənc istedad axtarışında olan istənilən Avropa klubu Sumanın «Kəpəz»lə oyunda vurduğu qələbə qolunu izləsə, deyilən məbləği ödəməyə o dəqiqə okey verəcək.
Rəşad Sadıqov qvineyalı ulduzunun gedişinə razı olsa belə, «Zirə» bundan uduzmayacaq. Yaxşı pul qazanacaqlar, o da ikinci Sumanı tapıb alacaq.
Bu yandan da ki, «Zirə» sistem komandasıdır, oyun bir nəfərin üzərində qurulmayıb. Burada fərdlər çox iş görür, amma ondan da çox işi görən sistemin saat əvəzi çalışmasıdır.
MUSA