
2025-ci ilin gəlişi ilə yüksəlişə keçən komandaların başında «Zirə» gəlir.
Yeni «qurbanlar» siyahısına «Neftçi»ni də daxil etdilər.
Bir saat içində onları mat vəziyyətinə saldılar. «Neftçi»ni iki erkən qol vurmasına peşman elədilər.
Bu «qol yağışı»nı elə-belədən yağdırmadılar. Yalnız psixoloji hazırlığı yüksək olan komanda bunu edə bilərdi.
Orada Rəşad Sadıqov varsa, qurtardı getdi də. Motivasiya verə bilən məşqçilər azdır bizdə, o da onlardan biridir.
«Zirə» orta sahədə basqını gücləndirməklə, daha çox hərəkət etməklə, cinah keçidlərini sürətləndirməklə möhtəşəm geridönüşə imza atdı.
Salifu Suma və İssa Cibrila. Qurban Qurbanov «Qarabağ»ı gücləndirmək istəyirsə, çox tərəddüd etmədən onları «Zir»dən almalıdır.
«Zirə» bu ikiliyə görə üst-üstə 2 milyon dollar təzminat istəsə belə, transferdən vaz keçməməlidir. Suma və Cibrilada Alladan ildırım sürəti var, yerlərindən güllə kimi götürülürlər.
Bərabərlik qolunda İssanın topla necə uzun reyd etməsini kim görübsə, heyrət içində donub qalmasına əminəm.
Georgi Papunaşvili də son vaxtlar çox artırıb. Gürcü yarımmüdafiəçinin Ceyhun Nuriyevə verdiyi incə qol pasına vuruldum.
«Papi» qaçır, yan paslara meyllənmir, irəlini görür və məhsuldar ötürməyə etməyə xəsisliklə yanaşmır - Rəşad Sadıqov onu, onun yoldaşlarını sənətkarcasına yönəldib.
MUSA