
"Zirə"nin qapıçısı Aydın Bayramov Premyer Liqanın 30-cu turunda "Neftçi"ni məğlub etdikləri matçdan (4:2) sonra Sportinfo.az-a müsahibə verib.
- Möhtəşəm qələbədən sonra nələr deyə bilərsən?
- Yaxşı oyun oldu. "Neftçi" ilə görüşdə onların evində 0:2-dən sonra bu cür qələbə qazanmaq... Emosiyaları başa salmaq çox çətindir.
- İlk hissə nə baş verdi ki, 0:2 geri düşdünüz?
- Oyuna pis başladıq. Futbolda belə şeylər olur. "Neftçi" daha aqressiv başladı, bəxtimiz də gətirmədi. İki səhvdən iki qol buraxdıq. Tez qollar buraxdıq. Amma şükürlər olsun ki, toparlana bildik və birinci hissədə lazım olan qolu tapdıq. İkinci hissə də oyun öz sözünü dedi. Biz onlardan daha üstün oynayıb, qalib gəldik. Hər oyuna qələbə üçün çıxırıq.
- Əvvəlki iki oyunda da "Neftçi"yə məğlub olmuşdunuz. Bu gün də erkən qollar buraxdınız. Belə məqamda toparlanmaq üçün nə həlledici oldu?
- Əvvəlki oyunları fikirləşdiyimizi deməzdim. "Neftçi"yə əvvəl uduzduğumuz matçlarda da heç-heçəlik oyun idi, bəxtimiz gətirmirdi. Futbolda olan şeylərdir. Sırf bu oyunu fikirləşərək, meydana çıxmışdıq.
XANOĞLAN İMANOV