
"Neftçi"nin sabiq vingeri Yusuf Lavalın Azərbaycana qayıdışı vaxtından tez başa çata bilər.
Ötən ilin sentyabrında "Zirə" ilə anlaşan və 1+2 illik müqaviləyə imza atan nigeriyalı yarımmüdafiəçi "qartallar"ın növbəti mövsümlə bağlı planlarından kənarda qalıb.
Qəsəbə təmsilçisi bura hazır vəziyyətdə gəlməyən və indinin özündə də zədəli olan legionerin xidmətindən daha istifadə etmək istəmir.
Afrikalı Premyer Liqanın 20-ci turunun "Şamaxı" ilə səfər matçında (2:1) sıradan çıxıb. 26 yaşlı oyunçu təxminən 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.
Yusuf Laval "Zirə"nin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.
O, 2020-ci ilin yayından 2023-cü ilin yanvarınadək “Neftçi”də çıxış edib. Ölkəmizdə ilk dəfə Belçikadan - “Lokeren”dən dəvət olunmuş vinger "Zirə"dən də qabaq Portuqaliyada “Arouka”nın formasını geyinib.
"Qartallar" təzminat qarşılığında Lavaldan müqaviləni qarşılıqlı razılıq əsasında pozmağını istəyir. Hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.
SPORTİNFO.AZ