
«Zirə» öz işindədir.
Fikirləri nə ondadır, nə bunda.
Sağa-sola baxmadan yollarını gedirlər.
«Qarabağ» artıq avrokuboklara vəsiqəni təmin etdi. «Zirə»nin də onlara yol yoldaşı olacağına şübhə bəsləmirəm.
90 faiz bu məqsədin öhdəsindən gəliblər. 55 xal bir igidin ömrüdür, turnir cədvəlində özlərindən sonra gələn «Araz-Naxçıvan»la 7, «Turan Tovuz»la 12 xallıq fərqin əriməsinə imkan verəcəklərini gözləmək axmaqlıq olar.
Rəşad Sadıqov çempionatın «damar»ını tutub. Həmçinin futbolçularının. Fikir vermisizsə əgər, o, ehtiyat skamyanın boyunu da uzadıb.
Komandanın get-gedə daha möhkəm görünməsi, döyüşkən təsir bağışlaması bunun nəticəsidir.
Hətta son aylarda adı beynəlxalq medianı bəzəyən Salufi Suma da bilir ki, sabit oynamasa, bir balaca axsasa, baş məşqçinin gözünün yaşını silməyəcək, ilk «11-lik» üzünə həsrət qoyacaq.
Bunu Utzik də anlayır, Volkov da, digərləri də.
«Zirə» Ruan Renatoya yeni müqavilə təklif edib. Braziliyalı müdafiəçi çağırışı geri çevirməsə, daha 2 il bu formanı geyinəcək.
Renato gerçəkdən də «Zirə»nin lideridir. Axı baxışı, yerişi, nəfəsi, duruşu və oyunu ilə komanda üçün çox şey ifadə edir.
Belə pis çıxmasın, kəlləsi də qiymətlidir. Başla «Şamaxı»ya vurduğu qolun dəyərini ölçmək olmaz.
Nə qədər pul istəyir, «Zirə» versin ona. Əsl can dərmanıdır!
ELXAN