
Bu il «Zirə» üçün əsas məqsəd Premyer Liqada ikinci yeri tutmaq, «Araz-Naxçıvan»dan uzaqlaşmaqdır.
Rəşad Sadıqov hər mənada ehtiyatlıdır.
O, belə sıx qrafikdə həmişə açıq gediş etmir. Bəzən manevrlərə də əl atır.
«Sabah»la qarşılaşma da bu qəbildən oldu. «Zirə» Masazırda taktiki savaş apardı.
Rəqibin Salufi Sumaya qarşı tədbir almasını, qvineya-bisaulu hücumçunun hərəkət diapazonunu kiçiltməsini görüncə, boş dayanmadılar. «Sabah»ın sürətli cinah keçidlərinə imkan vermədilər.
Təhlükənin haradan gələcəyini vaxtında hiss etdilər.
Oyun o qədər də maraqlı keçmədi. Hər iki komanda əsasən mərkəzdə üz-üzə gəldi və cərimə meydançalarının önündə sıxışdı.
90 dəqiqəni iki hissəyə ayırmazdıq. «Sabah» bir oyunun əvvəlində, bir də axır 15-20 dəqiqə ərzində daha «diri» təsir bağışladı, qalan vaxtda isə nəzarət «Zirə»nin əlində idi.
Sadıqovu Masazırda qazanılacaq 1 xal da qane edirdi. Odur ki, futbolçularının böyük qüvvə ilə irəli atılmasını istəmədi. Xətlər arasında «çakra»nın pozulmasına imkan vermədi.
«Zirə» açıq oyuna meyllənsəydi, matç 1:1 başa çatmayacaqdı.
MUSA