.jpg)
"Zirə"nin qolkiperi Aydın Bayramov Premyer Liqanın 25-ci turunda "TuranTovuz"u məğlub etdikləri (2:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
Təcrübəli kiper ilk olaraq qarşılaşma barədə danışıb.
- Hələ də qələbə emosiyaları qalır. Çox şey danışa bilmirəm. Çünki çox ağır oyun keçdi. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirərək qalib gəldik.
- Tribunadan ünvanına tez-tez atmacalar səslənirdi. Psixoloji olaraq buna dözmək çətin deyildi?
- Hesaba görə vaxt qazanmağa çalışırdım. Bununla həm də uşaqların dincəlməsinə şərait yaradırdım. Bu da istər-istəməz azarkeşləri qıcıqlandırır. Tovuzda çox gözəl 1 il keçirmişəm. Heç zaman hörmətsizlik etmək barədə düşünmərəm. Nəsə qeyri-adi söz də eşitmədim. Müəyyən uğultu odu. Bu da psixoloji olaraq mənə təsir etmədi.
- Rəqibin əsas silahı duran toplardı. Birinci dövrədə də künc zərbəsindən sonra qol buraxaraq məğlub olmuşdunuz. Bu dəfə "Turan" standart vəziyyətlərdə uğurlu ola bilmədi. Xüsusi hazırlaşmışdınız?
- Hər bir komanda kimi biz də qarşıdakı rəqibi analiz edirik. Bəli xüsusi hazırlığımız olmuşdu.
- Bu mövsüm üçüncü cəhddə "Turan"ı məğlub edə bildiniz. Bunun sirri nədə idi?
- Hansısa sirri olduğunu düşünmürəm. Birinci oyunda da qələbəyə yaxın tərəf biz idik. Bəxt amili imkan verməmişdi. Futbolda belə şeylər olur.
XANOĞLAN İMANOV