
“Zirə”nin hücumçusu Salifu Suma Avropa klublarının diqqətini çəkməkdə davam edir.
Sportinfo.az “Africafoot”a istinadən xəbər verir ki, qvineyalı futbolçu hazırda bir neçə klubun əsas hədəfidir.
Lakin Sumanın Bolqarıstana köçmək perspektivi daha yüksək qiymətləndirilir. Oyunçuya Sofiya MOİK-i maraq göstərir.
21 yaşlı forvarda yaxın mənbə onun gələcəyi ilə bağlı açıqlama verib. Sumanın dostu təkliflərin olduğunu gizlətməyib:
“İngiltərədə, xüsusən də, Çempionşipdə bəzi variantlar var, amma hələ konkret təklif yoxdur. Çempionatın sonuna qədər gözləyək, görək nə olacaq.
Futbolçu ilə maraqlanan klublar çoxdur, amma 800 min avroluq təzminatı ödəmək istəmirlər”.
Fransa klubu “Qrenobl”a gəlincə, Sumanın ora keçidi baş tutmayacaq. Çünki fransızların 800 min avroluq sərbəst buraxılma maddəsini aktivləşdirmək fikri yoxdur.
“Qrenobl” 400 min avro və aylıq 10 min avro maaş təklif edib, “Zirə” dərhal təklifi rədd edib. Ancaq Bolqarıstan təmsilçisi MOİK keçiddə olduqca israrlı görünür.
Sumanın dostu da bu transferi daha real görür:
“Oyunçunun prioriteti, deyə bilərik ki, MOİK-dir. Onun ambisiyası görünə biləcəyi çempionatda oynamaqdır.
Suma “Zirə”dən ayrılmaq istəyir, çünki Azərbaycan çempionatında populyarlıq yoxdur. Prioritet odur ki, görünə biləcəyi çempionata getsin.
Futbolçuya 50 min dollar maaş verməyə hazır olan klublar var. Lakin bütün bu təkliflər “Zirə” rəhbərliyi tərəfindən rədd edilib.
Klub Sumanın keçidi üçün 800 min avro tələb edir”.