
Əvvəlki illərdəki “Zirə” hara, indiki hara?
Əvvəlki “Zirə”nin oyununa baxanda adamı yuxu tuturdu. Müdafiə planlı komandanın çıxışı əsasən əks-hücumlar üzərində qurulurdu. Nə oyun var idi, nə məzmun.
Nə oldusa, yayda oldu. Zədəli futbolçular sıraya qayıtdı, bəzi topçular kollektivə uyğunlaşdı və “Zirə” futbol oynamağa başladı.
Premyer Liqada son həftələrdə ən baxımlı, ürəyəyatan futbol oynayan bir nömrəli komanda “Zirə”dir. Müdafiədə etibarlı, hücumlar zamanı son dərəcə sürətli görünür.
Salifu Suma, Rafael Utziq və Davit Volkov rəqiblər üçün arzuoluinmaz adlar hesab olunurlar. Top onlara gəldisə, saxla görüm, necə saxlayırsan. İki-üç ötürmə, vəssalam, top ya qapıdadır, ya da qapının yanından keçəcək. 100 faizlik təhlükədir.
Digərlərinin adını çəkmirəm, olkənin ən adlı-sanlı “Qarabağ”ı belə, hazırda “Zirə” qədər parlaq görünmür. Biri var nəticəyə hesablanmış sistematik futbol, hansı ki, “Araz-Naxçıvan”la “Turan Tovuz”un ifasında görürük. Biri də var adamın könlünə yatan futbol, “Zirə”nin oynadığı kimi.
“Zirə” “Qarabağ”la birlikdə ən az heç-heçə edən komandadır – 3 dəfə.
“Zirə” “Qarabağ”dan sonra ən çox qələbə qazanan komandadır – 14 dəfə.
“Zirə” “Qarabağ”dan (60) sonra ən çox qol vuran komandadır – 40.
“Zirə” “Qarabağ”la (15) “Araz-Naxçıvan”dan (16) sonra ən az top buraxan komandadır – 21.
Rəşad Sadıqov tənqidlərdən nəticə çıxardı, yoxsa futbola baxış bucağını dəyişdi, bəlkə də istədiyi ifaçıları yığdı, hər nədirsə, əvvəlki illərlə indiki arasında yerlə göy qədər fərq var.
Bu gedişlə avrokuboklarda mümkün uğur qaçılmazdır. Təbii ki, vəsiqə qazansalar.
HƏBİB / SPORTİNFO.AZ