
"İlk növbədə hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm.
Fərqi yoxdur, nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 24-cü turunda "Kəpəz"ə qalib gəldikləri oyun (2:0) haqda deyib.
R.Sadıqov da həmkarı - "Kəpəz"in baş məşqçisi Azər Bağırov kimi, matçın qar səbəbəbindən gününün, daha sonra isə iki dəfə saatının dəyişdirilməsinin komandaların motivasiyasına təsir etdiyini bildirib:
"Gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı.
Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar.
Qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi".
Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıqlarını deyən baş məşqçi qarşıda onları çətin oyunlar gözlədiyini də qeyd edib:
"Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi.
Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük.
Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu.
İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik.
Olduqca çox vacib oyunlarımız var. Daha sonra "Səbail"lə evdə qarşılaşacağıq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur.
Bu dəqiqə ən vacib olan qələbə qazanıb, növbəti matça hazırlaşmaqdır. Bu cür qar yağdıqdan sonra meydançanın bu vəziyyətdə olması
klubun, stadionun işçilərinin əməyidir ki, daim stadionumuza yaxşı baxırdıq. O cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamağa şərait var idi".