_1.jpg)
Qış fasiləsindən ən yaxşı formada qayıdan "Zirə"dir.
Hətta "Qarabağ"dan da.
Qazanılan qələbələr, oynanılan oyun belə deməyə əsas verir.
"Qartallar"ın yığdığı yaxşı sürətin qarşısında "Kəpəz" də dayana bilmədi.
Qələbə qarın iki gün əziyyət verdiyi "qartallar"ın üzünə təbəssüm qondurdu.
Qollar son yarım saatda gəldi. Öncə Rafael Utziq, ardınca Rüstəm Əhmədzadə adını tabloya yazdırdı.
Amma bütün matçı bakılıların aktivinə yazmaq olar. Fürsətlər boşa verilməsəydi, meydan sahibləri erkən qollar ilə daha rahat çıxış edə bilərdi.
Görünən kəndə nə bələdçi?
Rəşad Sadıqovun komandası yüksəlişdədir.
Ötən yaydakı performansına addım-addım yox, sürətlə yaxınlaşır.
Qışdan sonrakı 6 turda əldə olunan 5 qələbə komandanı 2-ci sıraya kimi qaldırıb. Bu gün Premyer Liqada hələm-hələm belə uğurlu seriya yaxalayan klub görə bilərik. Hər matçda əziyyət çəkmək mütləqdir.
Bu baxımdan "Şamaxı" və "Qarabağ" üzərindəki geridönüşlər xüsusi qeyd edilməlidir. Özgüvən, inam ən üst səviyyədədir.
Nəticələrlə bərabər, mövqelər üzrə də sabitlik diqqətdən qaçmır.
6 görüşdə 12 qol vuran "Zirə" öz qapısında cəmi 4 qol görüb.
Müdafiə qaydasında, hücum qarşısıalınmaz.
Görünən odur ki, Sadıqov ötənilki nəticəni ən azı təkrarlamaqda qərarlıdır.
XANOĞLAN İMANOV