
"Son dörd ildə çıxış etdiyim "Zirə" ilə vidalaşıram.
Bu müddət ərzində öyrəndiklərim, çətinliklərim və nailiyyətlərim də oldu".
Sportinfo.az xəbər verir ki, bunu "Zirə" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Filip Pahtmann şəxsi sosial şəbəkə hesabında yazıb.
Braziliyalı hücumçu Bakı təmsilçisi ilə vidalaşıb. Baş məşqçi Rəşad Sadıqova etimad göstərdiyinə, bu müddətdə yetişdiyinə görə təşəkkür edib:
"Həm meydanda, həm də meydandan kənarda qardaşlaşan komanda yoldaşlarıma və mənə hər zaman dəstək olan klub rəsmilərinə minnətdaram.
İstənilən vaxt yanımızda olan, bizi alqışlayan və dəstəkləyən "Zirə" azarkeşlərinə isə xüsusi təşəkkür edirəm.
Sevginiz və fədakarlığınız hər şeyi fərqli etdi. Məni qucaq açıb qarşılayan, inanılmaz təcrübələr keçdiyim Azərbaycana da minnətdaram.
Buradan minnətdarlıq hissi ilə ayrılıram. Kluba böyük uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm, "Zirə".
Pahtmann 2022-ci ildə Ukraynanın "Lvov" klubundan transfer olunmuşdu. Amma onun Azərbaycan klubundakı karyerası tez-tez aldığı zədəyə görə uğurlu olmayıb.