
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov legioner limitinin ləğvinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, bu barədə “CBC Sport”un “90 dəqiqə” verilişində danışarkən bunları söyləyib:
“Limitin tam ləğv olunacağı mənim üçün gözlənilməz oldu. Mən hardasa 8+3, bəlkə 9+2 olacağını düşünürdüm.
Limitin ləğv edilməsinin mərhələli şəkildə olacağını gözləyirdim. Mən düşünürəm ki, vəziyyət təhlil olunub və nəsə arqumentləri var.
Qərar qəbul olunub ki limit dəyişdirilsin və bundan sonra futbolumuzun gələcəyi üçün bu daha xeyirli, daha faydalı olsun.
Klub məşqçiləri üçün limitin ləğv edilməsi sərf edir. Məsələ onda deyil ki, sabah mənim heyətimdə yerli futbolçular olmayacaq, məsələ heyətlərin formalaşmasında, itkilər, zədələr olduqda daha baş sındırmırsan ki, yerli futbolçu ya legioner futbolçu oynadacağam.
Klub məşqçiləri həm seleksiyanı daha asan edə biləcək, həm heyəti formalaşdıra biləcək. Bu, bizim işimizi asanlaşdırır.
Amma təbii olaraq bir azərbaycanlı mütəxəssis kimi, illərlə millinin kapitanı kimi hər birimizin narahat olduğu məqamlar var ki, legioner limitinin ləgvinin futbolumuza təsiri necə olacaq.
Onu da ki, zaman göstərə bilər. Mən dəqiq görə bilmirəm ki, bunun təsiri necə olacaq.
Məsələn, futbolçular var ki, bu gün “Qarabağ”da, “Neftçi”də, “Sabah”da, “Zirə”də aparıcı oyunçulardır.
Bunlar birdən əsas heyətdə yerlərini itirsələr, necə olacaq? Bunlar həm də millinin üzvləridir.
Məncə, bu məsələdə daha çox danışmalı adam millinin baş məşqçisi olmalıdır. Daha ətraflı, daha çox şərhi o verməlidir ki, o necə görür vəziyyəti.
Bu milliyə, gənc nəsilə necə təsir edəcək? Mən milli komandanın baş məşqçisi olsaydım, legioner limitinin ləğvinə mənfi yanaşardım.
Əgər mən millinin baş məşqçisi olsaydım və yerli futbolçularımızın əksəriyyəti legioner həyatı yaşasaydı, narahat olmazdım.
Mən bu qərardan əvvəl də demişdim, indi də deyirəm ki, bir sualla bu mövzuya cavab vermək olmur”.