![“İnanılmaz şeylər yaşandı, çox ağırdır” – "Neftçi" ilə səs-küylü oyunun iştirakçısı](https://www.sportinfo.az/media/2025/02/12/thumb856_20240227000005750.jpg)
“İnanılmaz şeylər yaşandı, hər şey bir anın içində baş verdi.
Hadisələr o dərəcədə sürətlə inkişaf etdi ki”.
Bu sözləri “Zirə”nin Kot Divuarlı legioneri Stefan Aka Sportinfo.az-a açıqlamasında deyib.
Premyer Liqanın hesabat turunda Zirədə “Neftçi” ilə baş tutan qarşılaşmanın 87-ci dəqiqəsinə qədər hesab açılmasa da, azarkeşlər son dəqiqələrdə birdən-birə 3 qola şahidlik etdi.
Öncə “ağ-qaralar” hesabı açdı, ardınca meydan sahibləri bərabərlik topunu vurdu. Əliyar Ağayev final fitini səsləndirməyə hazırlaşdığı anda Ervin Koffi dəqiq baş zərbəsi ilə yekun nəticəni müəyyənləşdirdi.
Təcrübəli müdafiəçi həmin anları bu cür xatırlayır:
“Bu cür yenilgi ilə üzləşmək çox ağırdır. Halbuki, oyun bərabər səviyyədə gedirdi.
Heç-heçə bizim üçün yaxşı nəticə sayılacaqdı. Xüsusən buraxdığımız ikinci qola təəssüflənirəm.
Ruan bərabərlik topunu vuranda matçın baş çatmasına çox az vaxt qalmışdı və düşünürdük ki, belə də qurtaracaq. Heç nədən vacib 1 xalı itirdik”.
HƏBİB