Rəşad Sadıqovun unutmadığı məğlubiyyət – Kim güləcək?

10 Fevral 17:20 Zirə 515
Rəşad Sadıqovun unutmadığı məğlubiyyət – Kim güləcək?

Dünən baş tutan “Sabah” – “Turan Tovuz” qarşılaşmasının ardından bu gün “Zirə” – “Neftçi” duelini izləmək yerinə düşəcək.

Sanki iki hissəlik oyundur. Birinə dünən baxdıq, ikincisinə axşam tamaşə edəcəyik.

Düzdür, dövr əvvəlki deyil. Vaxtilə “Neftçi” avrokuboklara vəsiqə üçün yerini rahatlıqla təmin edirdisə, indi çempionat yolu ilə buna nail olmağın çətinliyini, hətta mümkünsüzlüyünü hər kəs anlayır.

Ancaq ortada ad, imic, nüfuz savaşı var. Və ən əsası, “ağ-qaralar” elitada qalmaq üçün mübarizə aparan komandalardan uzaqlaşıb, özünə bir az da yuxarıda yer etmək istəyir.

“Zirə”nin niyyəti məlumdur – özündən öndəki “Araz-Naxçıvan”ı haqlayıb, mövsümü keçən il olduğu kimi gümüş medallarla başa vurmaq.

Komandalar arasında cari mövsümdə baş tutan iki oyunda fərqli hesablar qeydə alınıb. İlk dövrədə “Zirə” rəqibini 2:0 hesabı ilə məğlub edəndə baş məşqçi Roman Qriqorçuk idi. İkinci dövrədəki dueldə isə Samir Abasov işinin başına keçmişdi və 2:1 hesablı qalibiyyətə “Neftçi” sevinmişdi.

Xarakter və davranış baxımından bir-birinə bənzəyən Abasovla Sadıqovun duelləri hər zaman maraq doğurub. Danılmaz fakt var, öz aralarındakı oyunlarda yenilgini heç cür həzm edə bilmirlər. Elə qarşılaşmaya rəng qatan başlıca məqam da budur.

Hər iki komandada əhval-ruhiyyənin yaxşı olması son nəticələrdən görünür. “Ağ-qaralar” çempionatda “Şamaxı”nı məğlub edəndən sonra ölkə kuboku çərçivəsində səfərdə “Kəpəz” üzərində qələbə qazanıb və bu görüşlərdə qapısından top buraxmayıb.

Zirəlilər isə yeni ildə Premyer Liqada 3 oyunun hamısında 3 xal istəyinə çatan yeganə komandadır. Çempionatda qələbə seriyası yaxalayan “qartallar” ölkə kubokunda “Araz-Naxçıvan”a məğlub olub ki, bu, düşərgədə ciddi narahatlıq yaratmır.

Bir sözlə, axşamkı qarşılaşma amansız mübarizə, gərginlik və böyük maraq vəd edir.

Zirə İdman Kompleksinin meydanında keçiriləcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO