Premyer Liqanın 19-cu turunun mərkəzi qarşılaşması Zirədə baş tutacaq.
Medallar uğrunda mübarizə aparan meydan sahibləri əsas rəqiblərindən olan “Araz-Naxçıvan”ı qəbul edəcək.
İndiki məqamda zirəlilər üçün əsas məqsəd turnir cədvəlində 9 xal geri qaldığı rəqibi ilə xal fərqini azaltmaq və 3-cü pilləni “Turan Tovuz”ın əlindən almaqdır.
Digər prinsipial məqam isə çempionatın ilk yarısında naxçıvanlılarla zirəlilər arasında gerçəkləşmiş iki dueldə Rəşad Sadıqovun çalışdırdığı kollektivin qələbə qazana bilməməsidir.
Biri heç-heçə başa çatıb (1:1), digərində “Araz-Naxçıvan” 1:0 hesablı qələbəyə sevinib.
Əsas heyətdə görməyə alışdığımız Aydın Bayramov Sportinfo.az-a qarşıdakı oyunla bağlı danışıb.
Azərbaycan millisinə də cəlb olunan qapıçı qələbə istəklərini gizlətməyib:
“Əslində, heç-heçə başa çatan oyunda qalib gəlməliydik. Çünki matçboyu üstün tərəf biz idik. Şanssızlıq nəticəsində vacib 2 xal itirmişdik.
Fasilədən sonra ilk oyundur. Yaxşı hazırlıq keçdik, yoldaşlıq oyunlarında meydana çıxdıq. Deyərdim ki, komandadakı hazırkı vəziyyət və əhval-ruhiyyə yaxşıdır.
Görüşün əhəmiyyətini bilirik. Çox ağır oyun olacaq. Meydana yalnız və yalnız qələbə üçün çıxacağıq.
Mümkün qalibiyyət bizi “Araz-Naxçıvan”a daha da yaxınlaşdıracaq. İstəyimizə çatacağımıza ümid edirəm”.
Yanvarın 18-də Zirə İdman Kompleksinin meydanında baş tutacaq oyunun start fiti saat 16:00-da çalınacaq.
HƏBİB