“Zirə”ylə “Şamaxı” arasında baş tutan yoldaşlıq görüşünü izləyənlər arasında sürpriz qonaq var idi.
Müqavilə ilə “qartallar”a məxsus olan, lakin Azərbaycana gəldiyi gündən ardıcıl zədələrlə üzləşən Filip Paxtman Zirəyə təşrif buyurmuşdu.
Halbuki, sözügedən futbolçunun adı Premyer Liqa oyunları üçün sifariş olunmayıb.
Braziliyalı forvardın burada görünməsi təəccüb doğurduğundan, “Zirə”nin baş məşqçi Rəşad Sadıqov Sportinfo.az-a açıqlamasında müəmmaya aydınlıq gətirib:
“Açığı, Paxtmanla problem yaşayırıq. Ötən ilin qışında əməliyyat olunmalıydı, lakin buna qarşı çıxdı.
Braziliyada əməliyyatsız müalicə yolunu seçdi və geridə qalan müddətdə bunun effektini görməmişik. Məşqlərə də başlamır.
Yaxın günlərdə şəxsən onunla danışacağam. Görüm, fikri, planı, niyyəti nədir.
Müqavilə ilə “Zirə”yə məxsusdur. Ancaq çarpaz bağları qopduğu halda, 1 il ərzində heç nə etməyibsə, belə futbolçunu komandamda görmək istəmirəm.
Hamı onu necə çox istədiyimi, nə qədər dəstək olduğumu bilir. MRT-nin cavabından sonra onunla təkbətək söhbətim olacaq”.
Paxtman 2021-ci ilin yanvarından 2022-ci ilin mayına qədər icarə əsasında “Zirə”nin şərəfini qoruyub.
2022-ci ilin yayında “qartallar”la 3 illik müqaviləyə imza atan 24 yaşlı forvard geridə qalan 4 ildə meydana çıxdığı 23 oyunda 3 qol və 2 assistlə yadda qalıb.
HƏBİB