Son həftələrdə Premyer Liqada limit məsələsi aktual mövzuya çevrilib.
AFFA-nın İcraiyyə Komitəsində aparılan müzakirələrin yekununda hansı qərarın qəbul ediləcəyini demək çətindir.
Lakin görünən odur ki, növbəti mövsümdən etibarən “7 legioner+4 yerli” tələbi dəyişdirilə, hətta ümumiyyətlə yığışdırıla bilər.
Böyük əksəriyyət limitin tam aradan qaldırılmasının ölkə futbolu adına ciddi zərbə olacağını iddia edir.
“Zirə”nin baş məşqçi, Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov mövzu ilə bağlı Sportinfo.az-a verdiyi açıqlamada ortaya konkret mövqe qoymaqda çətinlik çəkdiyini deyib:
“Qəbul olunmuş qərar yoxdur deyə, fikir bildirmək, şərh vermək çətindir. Klub məşqçilərindən soruşsanız, limitin aradan qaldırılması hamıya sərf edir.
Avrokuboklarda limit tələbi olmasa da, bizdə avrokubok görüşlərində 5-6 yerli futbolçu meydana çıxırdı. Əsas heyətdə yerlilərə şans verirdim və gedişatda çəkinmədən legionerlərə şans verə bilirdim.
Çempionatdakı durum fərqlidir. Əsas heyətdə dörd azərbaycanlıya şans verirsən, beşincini də buraxırsan və dərhal düşünürsən ki, digər ikisinə nəsə olsa, onların əvəzinə kim oynayacaq?
Ona görə də mütləq 1-2 nəfəri qoruyub-saxlayırsan. Bu mövzu ilə bağlı fikir bildirmək üçün dərindən düşünmək, hərtərəfli analiz etmək lazımdır. O qədər həssas məsələdir ki, günlərlə təhlil etmək, danışmaq olar.
Limitin tam aradan qaldırılması çempionatımızın səviyyəsinin artmasına səbəb ola bilər. Dünyanın bir çox ölkələrində bu təcrübədən istifadə olunur. Yenə deyirəm, qərar qəbul olunandan sonra nəsə demək mümkündür”.
Rəşad Sadıqov ortaya konkret mövqe qoymasa da, fikirlərindən hazırkı formatın ona çətinlik yaratdığını hiss etmək çətin deyil.
HƏBİB