"Zirə" Georgi Papunaşvilinin adını hələ ötən ilin qışından transfer siyahısına əlavə etmişdi.
Amma razılıq əldə etmək müşkülə çevrilmişdi. Əsas maneə isə təbii ki, əməkhaqqı ilə bağlıydı.
"Qartallar" daha az xərcə düşmək, gürcüstanlı da maksimum çox qazanmaq həvəsində idi.
Rəşad Sadıqovun yarımmüdafiəçiyə ehtiyat qüvvə gözü ilə baxması klubun, 30 yaşı haqlaması isə Papunaşvilinin dirənişinə haqlı rəvac verirdi.
Nəhayət, uzun çək-çevirdən sonra yeni mövsümün startına 1 gün qalmış tərəflər ortaq məxrəcə gələ bildi.
Yəqin ki, Sadıqov geriyə boylananda bu addımı üçün indi çox sevinir.
Axı Papu yay təlim-məşq toplanışında iştirak etməməsinə rəğmən qısa müddətdə komandanın əsas heyət üzvünə çevrilə bildi.
Təkcə son 5 oyunda start heyətdə meydana çıxması yox, elə ortaya qoyduğu məhsuldarlıq da belə düşünməyə əsas verir.
O, keçirdiyi 12 matçda adına 5 qol yazdıra bilib.
Bu, meydanın dərinliklərinə qədər enən yarımmüdafiəçi üçün əla göstəricidir.
Və onun vurduğu qollar adətən komandasına qızıl dəyərində xallar qazandırıb.
Yalnız həmyerlisi David Volkov ondan 2 top çox vurub.
Hətta yayda avrokuboklarda qolları sıralayan Rafael Utziq də Papunaşvilinin kölgəsində qalıb.
Deməli, gürcü balasının yaydakı pul davası boşuna deyilmiş.
Adamın dilinə görə dirçəyi də var.
Müqaviləsində +1 şərti var. Yəqin ki, stabil çıxışını davam etdirə bilsə, yayda istədiyi məbləği bu dəfə daha asanlıqla qopara biləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ