“Turnir cədvəli baxımından hər iki komanda üçün vacib oyundur.
Gərgin və maraqlı qarşılaşma olacaq”.
“Zirə”nin legioneri Ayron Qomis Sportinfo.az-a açıqlamasında komandasının növbəti matçı haqda fikirlərini bildirib.
Son oyunlarda qələbələri sıralayan zirəlilərin növbəti rəqibi “Turan Tovuz”dur. Bölgə təmsilçisi 30 xalla turnir cədvəlində 3-cü, “qartallar” 26 xalla 4-cü pillədə qərarlaşıb.
Möcüzə baş verməsə, bürünc medallar uğrunda mübarizə məhz bu komandalar arasında gedəcək.
Bu faktı göz önünə gətirsək, oyundakı mümkün gərginliyi indidən hiss etmək çətin deyil.
25 yaşlı fransız qələbə istəklərini gizlətməyərək, komandasına üstünlük verən amilə toxunub:
“Müdafiədə kompakt mübarizə aparan “Turan Tovuz”a qarşı oynamaq çətin olsa da, meydana hədəfə çatmaq üçün çıxacağıq.
Çempionatın ilk dövrəsində bu komandaya uduzmuşduq. Həm sintetik meydanda oynamışdıq, həm də 100 faizlik şanslardan yararlana bilməmişdik.
Rəqibi evdə, bizə doğma olan meydanda və azarkeşlərimizin önündə qəbul etməyimiz bizim üçün əlavə üstünlükdür. Lazım olanları edəcəyik ki, növbəti 3 xalı qazanıb, qələbə seriyasını davam etdirək”.
Dekabrın 15-də Zirə İdman Kompleksində keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB