Ölkəmizdə top qovan legionerlərin arasında Fransadan olan, yaxud bu ölkədə anadan olan çox sayda futbolçu var.
Onlardan biri də mövsümün əvvəlində “Zirə” ilə müqavilə bağlayan Ayron Qomisdir.
Vaxtilə Türkiyə Super Liqasında “Kasımpaşa”nın, İtaliya A Seriyasında “Salernita”nın formasını geyinmiş 25 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a müsahibəsində ölkəmizdəki günlərindən danışıb.
- Ölkəmizə uyğunlaşa bilmisən? Azərbaycanda özünü necə hiss edirsən?
- Təbii ki, Fransa ilə arada müəyyən fərqlər var, bu da normaldır. Mənim üçün yeni mühit, yeni ənənələr, yeni insanlar deməkdir. Təzə gələn vaxtlarda bir az çətinlik çəkirdim. İndi çox şeyə öyrəşmişəm, nəyin necə olduğunu bilirəm. Əsas odur ki, şans qazanıram, oynayıram.
- Paris Eyfel qülləsi ilə məşhurdur. Bəs, Bakını tanıdan nədir?
- (bir qədər düşünür) Şəhərin hündür yerində yerləşən Alov qüllələrini çox bəyənirəm. Əminəm ki, Bakıya gələn qonaqların ən çox diqqətini çəkən simvol buradır.
- Premyer Liqada fransalı və fransızdilli futbolçuların sayı çoxdur. Asudə vaxtının çox hissəsini yəqin ki, onlarla keçirirsən.
- Düzün desəm, bayırda çox olmuram. Həyat yoldaşım yanımdadır deyə, vaxtımın çox hissəsini onunla keçirirəm. Həm də asudə zamanım çox olmur. Həftəiçi məşqlərdə, təhlillərdə oluruq, həftəsonları da oyunlarda. Son bir həftəyə nəzər salsanız, 3 matç keçirmişik.
- Kimləri şəxsən tanıyırsan? Məsələn, vaxtilə səninlə eyni komandada, yaxud liqada oynamışlardan.
- “Səbail”də David Qomisin, “Qarabağ”da Abdullah Zubirin adlarını çəkə bilərəm. Komanda yoldaşı olmasaq da, rəqib qismində bir-birimizə qarşı oynamışıq (Ayron Zubirin adını çəksə də, 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyan futbolçu Azərbayacana gələndə, Qomis Liqa-2-də çıxış etmirdi - H).
HƏBİB