"Qarabağ"a məğlubiyyətin şokundan ayılmayan "Zirə" bu dəfə "Neftçi Arena"da qəza yaşadı.
Artıq hər keçən tur "qartallar" üçün tuneldə işıq yeri daralır.
Sadıqovun əlinin altında ötənilki heyətdən də geniş kollektiv var. Heç zədə, cəza problemi də kütləvi yaşanmır.
Amma uğurlu çıxış etmək müşkülə çevrilib.
Son 6 oyunda 3-cü məğlubiyyət yaşandı. Deməli, təhlükə qapıdadır. Komanda sürətlə medalçılar sırasından uzaqlaşır.
Rəşad Sadıqov təcili müdaxilə etməlidir. Hər şey şansa bağlamaq çıxış yolu deyil. Bəxtsizlik 2 oyun olar, daha 6 matç yox.
Təkcə nəticə yox, meydandakı mübarizə də ürəkaçan deyil.
Hamının bu "Zirə"dən gözləntisi ötən mövsümdən böyükdür. İşartını da Sadıqov və komandası verib.
Amma ümidlər puç olmağa davam edir. Gözləntilərin altındakı çıxışa şahidlik edirik.
Hər kəs "yaydakı "Zirə" hardadı" sualına cavab axtarır.
Olmaya, Avropa səhnəsindəki parlaq çıxış elə bir atımlıq barıt imiş?
Baş məşqçi suallara cavab tapmalıdır. Təbii ki, nəticələrə təsir etməklə.
Geridönüş baş tutmasa, avrokuboklardakı tarixi uğura da beləcə kölgə düşəcək.
XANOĞLAN İMANOV