Avrokuboklarda gözoxşayan "Zirə"ni indi günün işığında tapmaq müşkülə çevrilib.
Əminəm ki, Rəşad Sadıqov da bu işə mat-məəttəl qalıb.
Komanda son 5 matçda cəmi 1 qələbə qazanıb.
Onu da yarımcan "Şamaxı" üzərində.
Futbol kollektiv oyundur. Qələbədə hamı qəhrəmandırsa, məğlubiyyətdə də hər kəs günahkar hesab edilməlidir.
Lakin bəzi istisnalar qaydanı pozmur.
Rafael Utziq kimi.
"Zirə" yüksəlişdə olanda adı ən çox çəkilən braziliyalı legioner idi.
Məncə, bugünkü uğursuz gedişatda da ilk günahkar kimi onun adını qeyd etməmək olmaz.
İlk 6 turda 5 matç keçirən vinger 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
"Qartallar" isə "Qarabağ" xaric digər qarşılaşmaların hamısında 3 xala sevinən tərəf olmuşdu.
Avrokuboklarda 5 qolla təmsilçimizin bombardiri olan Utziqi son 5 turda gördüm deyən yoxdur.
O, heç özünə bənzəmir. Daha əvvəlki kimi rəqiblərinə baş ağrısı deyil. Qolları, məhsuldar ötürmələri ilə məşqçilər korpusunu məmnun edə bilmir.
Onun son 5 matçdakı faydalı iş əmsalı sıfıra bərabərdir.
"Zirə"nin qazancı isə vur-tut 5 xala.
Məncə, Sadıqov "Zirə"ni işə salmaq istəyirsə, elə ilk Utziqi "xoda salmaq"dan başlamalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ