COP29

“Oynamamaqda davam etsəm…” – “Ofsayd”a düşən tanınmış qapıçı

5 Noyabr 19:00 Zirə 1 432
“Oynamamaqda davam etsəm…” – “Ofsayd”a düşən tanınmış qapıçı

Yayda “Zirə”nin heyətində avrokuboklardakı performansı ilə diqqətləri üzərinə çəkən Tyaqo Silva kölgəyə çəkilib.

Baş məşqçi Rəşad Sadıqov yerli oyunçu limitinə görə çətinliklə üzləşdiyindən, fərqli qərar verməyə məcburdur.

Odur ki, “çərçivə”də Aydın Bayramova yer alır, Tyaqo isə ehtiyat oyunçular skamyasında oturub gözlərini döyür.

Avqustun 1-də “Qarabağ”la görüşdə şans qazanan portuqaliyalı qapıçı bir də təxminən 3 aydan sonra – oktyabrın 26-da “Araz-Naxçıvan”la dueldə meydana çıxmaq imkanı qazandı.

Sözsüz ki, bu vəziyyət Silvanı razı sala bilməz. 24 yaşlı qapıçı Sportinfo.az-a verdiyi açıqlamada səbrli davranmağı üstün tutduğunu bildirib:

“Yenidən start heyətində yer aldığıma görə çox şadam. Meydana çıxmasam da, daim məşq edir, formada qalmağa çalışır, fürsət gözləyirdim.

Baş məşqçi şans verəcəyi halda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Meydana çıxmadığım oyunlarda isə qərara hörmətlə yanaşıram.

Hər bir futbolçu ehtiyat oyunçular skamyasında oturmağı yox, meydanda olmağı arzulayır. Bir neçə oyunda şans qazanmamaq bəzən narahatlıq yaratsa da, zamanla bu kimi hallara öyrəşməli olursan.

Oynamamaqda davam etsəm, yəqin ki, hansısa yol fikirləşərəm. Lakin indiki məqamda xoşbəxtəm, çünki “Araz-Naxçıvan”a qarşı meydanda idim”.

Ötən mövsüm Premyer Liqada 36 oyunun 35-də meydanda olan Tyaqo Silva cari “futbol ili”ndə 10 görüşün cəmi 2-də şans qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti