COP29

Məmləkətdə Sadıqovu “oxuyurlar”

21:20 Zirə 248
Məmləkətdə Sadıqovu “oxuyurlar”

“Zirə”nin yayda avrokuboklardakı çıxışı yadınızdadır?

“Şerif”lə “Osiyek”in adını görəndə daş atıb başımızı tutmuşduq. Qəsəbə təmsilçisi ictimaiyyəti təəəccübləndirməyi bacardı.

Səfərdə məğlub etdiyi “Şerif”i Bakıda da udduğu anda Salifu Suma qırmızı vərəqə almaqla komandasını çətin vəziyyətdə qoydu. Avropa Liqasında növbəti mərhələ penalti seriyasında əldən çıxdı.

“Osiyek” səddi də penalti zərbəsi ilə həll olundu. Bu dəfə gülən bizimkilər oldu. “DAC 1904”ü hər iki oyunda udaraq slovaklara şans yeri qoymayan “qartallar” “Omoniya”da “ilişdi”.

Keçilən iki mərhələ, vurulan 12 qol, qazanılan 4 qələbədən sonra “Zirə”ni az qala “Qarabağ”a tay tuturduq ki, bəs, bu komanda çempionatda rəqib tanımayacaq, qabağına çıxanı şil-küt edəcək. Tək nəticələr yox, sərgilənən oyun da parlaq gələcəkdən xəbər verirdi axı.

Premyer Liqada 10 tur geridə qalıb. “Zirə” bu matçların 5-də qələbə qazanıb, ilk “5-lik”də rəqiblərindən çox – 3 dəfə məğlubiyyət acısı dadıb, məhsuldarlıq baxımından əsas rəqiblərindən yalnız “Araz-Naxçıvan”ı qabaqlayır və topladığı 16 xalla “Sabah”la 4-5-ci pillələri bölüşür.

Təbii, mövsüm yeni başlayıb və qarşıdakı 7 ayda ümumi mənzərə kökündən dəyişə bilər. Ancaq fakt faktlığında qalır, bu “Zirə” yaydakı “Zirə” deyil.

Başlıca səbəb limitin yaratdığı çətinlikdir. Avrokuboklarda əsas heyətdə minimum 4 azərbaycanlının yer almasına dair xüsusi bənd yox idi deyə, baş məşqçi Rəşad Sadıqov legionerlərin hesabına “çulunu sudan çıxara” bilirdi. İstər əsas heyətdə olsun, istərsə də 90 dəqiqənin gedişində.

Digər səbəb Premyer Liqa məşqçilərinin “Zirə”ni və onun baş məşqçisini yaxşı tanımasıdır. Rəqiblər bu komandaya qarşı oyun qurmağı bacarır. Təkcə son iki qarşılaşmada Kurban Berdiyevlə Krunoslav Renduliç 42 yaşlı mütəxəssisi necə lazımdır “oxudu”.

Hə, bir də, zirəlilər avrokuboklarda “1 nömrə” ilə oynamırdı axı. Və bu, onlarda yaxşı alınırdı. Pusquda dayanıb şikarını gözləyən “qartallar” sürətli futbolçuların sayəsində istəyinə çata bilirdi. Premyer Liqada isə vəziyyət başqadır. Komandasının çıxışına rəng qatmağa çalışan Sadıqov əvvəlki illərdə görməyə alışdığımız futbolu oynatmır. İndi dinamika və risk görürük. Bunun özü də “Zirə”nin başına bəladır.

Ötən mövsüm çempionatda və ölkə kubokunda mübarizəni gümüş medallarla başa vuran qəsəbə təmsilçisi cari “futbol ili”nin yekununda da minimum eyni uğura imza atmaq istəyirsə, son dərəcə diqqətli olmalıdır.

“Şamaxı”yla “Turan Tovuz”a məğlub olub, “Sabah” yenilgisindən son anda qurtulmaqla işıqlı günlər çətin görünür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti