COP29

Bu gün qisas baş tutacaq?

20 Oktyabr 16:30 Zirə 317
Bu gün qisas baş tutacaq?

Premyer Liqanın 10-cu turunun mərkəzi qarşılaşması Zirədə baş tutacaq.

Qəsəbə təmsilçisi doğma azarkeşlərinin gözləri önündə medallar uğrunda əsas rəqiblərindən olan “Sabah”ı qəbul edəcək.

Matçı prinsipial edən başlıca məqam turnir cədvəlindəki vəziyyətdir. 9 turdan sonra hər iki komandanın aktivində 15 xal var ki, bu göstəricidə 4-5-ci pillələri bölüşürlər. Lakin işin əmması var.

Dərd burasındadır ki, zirəlilər rəqibi ilə müqayisədə bir oyun az keçirib, “Araz-Naxçıvan”la ehtiyatda bir matçı var. Yəni “Zirə”nin bu qarşılaşmada qələbə qazanması, üstəlik, ehtiyatda bir görüşün qalması masazırlıların işini çətinə sala bilər.

“Sabah” qalib gələcəyi halda, bu, “qartallar”ın ardıcıl ikinci məğlubiyyəti olacaq ki, həm növbəti oyunlar, həm də turnir cədvəli baxımından ciddi təhlükə yaranacaq. Ona görə də mümkün yenilgi hər iki tərəfə baha başa gələcək.

Komandalar arasında ilk dövrədə baş tutan görüşü yəqin ki, xatırlayırsınız. “Sabah”la “Zirə”nin avrokuboklarda mübarizə apardığı dönəm idi və hər ikisi əsas diqqəti beynəlxalq arenaya ayırmışdı.

Bu cür məqamda “Bank Respublika Arena”da baş tutan gərgin qarşılaşmada zirəlilər meydan sahibləri üzərində 2:0 hesablı parlaq qələbəyə sevinmişdi. Odur ki, “Sabah”ın almaq istədiyi qisas var.

Bugünkü şanslara gəlincə, doğma meydan və azarkeş amili “Zirə”nin xeyrinə işləyəcək.

Digər məsələ isə “Sabah”ın yarımmüdafiə xəttində itkilərin olmasıdır. Elvin Camalov, Ayaz Quliyev, Vinsent Till zədə səbəbindən meydana çıxmaqdan məhrumdur. Sofian Çaklanın oynayıb-oynamayacağı da böyük sual altındadır.

Yerli-legioner mütəxəssislərin duelində Rəşad Sadıqovla Krunoslav Renduliçin taktiki savaşını izləmək də qarşılaşmaya əlavə rəng qatacaq.

Yeri gəlmişkən, Sadıqov cari mövsümdə Renduliçlə yanaşı Roman Qriqorçuku üstələyib, Kurban Berdıyevə məğlub olub.

Oktyabrın 20-də Zirə İdman Kompleksinin meydanında baş tutacaq duel saat 17:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti