İlk dövrənin sonuncu turunun gərgin oyunlarından biri Tovuzda baş tutacaq.
Yerli komanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən biri “Zirə”ni qəbul edəcək.
Matça rəng qatan başlıca məqam komandaların turnir cədvəlindəki mövqeyidir. Hər iki kollektiv 15 xalla 3-4-cü pillələri bölüşsələr də, zirəlilər rəqibi ilə müqayisədə 1 oyun az keçirib.
Bu, o deməkdir ki, komandalardan hansısa biri qalib gələcəyi halda turnir cədvəlində irəliyə doğru böyük addım atmış olacaq. Mümkün yenilgi “Zirə” azarkeşləri üçün bəlkə də normal qarşılaşanacaq. Çünki hər həftəni 3 xalla başa vurmaq olmur.
Ancaq “Turan” uduzsa, həm turnir cədvəlindəki mövqeyini “Sabah”a təhvil vermiş, həm də azarkeşlərini küsdürmüş olacaq. Qərbli fanatlar ardıcıl 4 oyunda qələbəsizliklə çətin qəbullansın.
Oyuna bəzək vuran digər amil komandaların baş məşqçi postundakı şəxslərin kimliyidir. 72 yaşlı Kurban Berdıyevi tanıtmağa gərək yoxdur. Rusiyalı çalışdırıcının 38 illik məşqçilik həyatı az qala Rəşad Sadıqovun yaşına bərabərdir (42 yaşı var).
Məşqçilik karyerasında 5-ci ilinə qədəm qoyan Sadıqov cari mövsümdə məzmunlu futbol oynayan məhsuldar komanda qurmağı bacarıb. Elə buna görə də Premyer Liqamızdakı üç əcnəbi mütəxəssisdən ikisinin – Krunoslav Renduliçlə Roman Qriqorçukun komandalarını eyni hesabla (2:0) məğlub etməyi bacarıb.
Odur ki, özündən 30 yaş böyük Berdıyevlə qarşılaşmadan hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.
Bu gün Tovuzda baş tutacaq qarşılaşma saat 17:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ