Sportinfo.az xəbər verir ki, “Zirə”nin ruandalı müdafiəçisi Anje Mutsinzi AZƏRTAC-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Bu mövsümün əvvəlindən “Zirə”də çıxış edirsiniz. Maraqlıdır, bu komandaya keçidiniz necə baş tutdu?
- Portuqaliyada olarkən agentim Azərbaycandan təklif olduğunu söylədi. Mən də bunu dəyərləndirdim və bu transferin reallaşmasına razılıq verdim.
- Mövsümü avrokuboklardakı oyunlarla açdınız. Pley-offa çıxmağınıza baxmayaraq, qrup mərhələsinə yüksələ bilmədiniz. Kiprin “Omoniya” komandası ilə oyunlarda uğursuzluğa nə səbəb oldu?
- İlk oyunda komanda olaraq yaxşı çıxış etmədik. Futboldur, belə hadisələr olur. Evdəki matçda çox çalışdıq. Qalib gəlsək də, nəticə yetərli olmadı.
- Azərbaycanda əvvəllər oynamış futbolçu dostlarınız olubmu? Onlardan ölkəmiz haqqında məlumat almısınız?
- Hələ əvvəldən “Qarabağ”ın sabiq futbolçusu Hamidu Keyta və hazırkı komanda yoldaşım Tiaqo Silva ilə dostluq əlaqələrim var. Onlar mənə “Zirə” və ölkə çempionatı barədə məlumat verdilər. Hər iki oyunçunun Premyer Liqadakı çıxışlarını izləmişdim. Buna görə də ölkə futboluna, eləcə də kluba uyğunlaşmaq mənim üçün çətin olmadı.
- Rəşad Sadıqov ciddi və tələbkar məşqçi kimi tanınır. Onun kimi mütəxəssislə işləmək necədir?
- Fikrimcə, onunla işləmək asandır. Çünki peşəkardır. Həm də yüksək insani keyfiyyətlərə malikdir.
- Sizə görə, komandanın ən şən futbolçusu kimdir?
- Məncə, Salifu Sumadır. O, çox şən biridir. Maraqlı zarafatlar edir.
- Bakıda ən çox sevdiyiniz yer haradır?
- Hələlik Bakı ilə ətraflı tanış olmamışam. Ancaq dostlarımdan şəhər barədə xoş sözlər eşitmişəm.
- Mövsüm yeni start götürsə də, artıq bəzi komandalarla oyunlar keçirmisiniz. Hansı hücumçulara qarşı oynamaq sizə çətinlik yaradıb?
- Mövsüm yeni başlayıb və indidən nəsə demək tezdir. “Qarabağ”ın çox keyfiyyətli və təhlükəli hücumçuları var.
- Premyer Liqanın VI turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiniz. Bu oyun haqqında nə deyə bilərsiniz?
- Asan oyun olmadı, amma çox yaxşı mübarizə apardıq və baş məşqçimizin dediklərinə əməl edərək meydandan üç xalla ayrıldıq.
- Ehtiyatda bir oyunu olan “Zirə” 6 turdan sonra 9 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bu mövsüm komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Hər birimiz əlimizdən gələni edərək klubun uğur qazanmasına kömək etmək istəyirik. Əsas məqsədlərimizdən biri hər oyunda qalib gəlməkdir. Bu, bizi yüksək hədəflərə aparacaq.
- Bu yolda hansı komandanı özünüz üçün daha ciddi rəqib hesab edirsiniz?
- Mənə görə liqada hər bir rəqib ciddidir. Biz bütün komandalara eyni yanaşırıq. Mövsümün sonunda çempion olsaq, azarkeşlərə sürpriz edəcəyəm. Amma bunu indi demək istəmirəm. Qoy, sürpriz olaraq qalsın.
- Qısa müddətdə “Zirə”də ən yaddaqalan oyununuz hansı olub?
- Doğma meydanda Xorvatiyanın “Osiyek” klubunu penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə adladığımız oyunu qeyd edərdim. Həmin gecəni həyatım boyu unutmayacağam. Çox yaddaqalan gün idi.