«Neftçi»dən ayrılan Qara Qarayevin karyerasını harada davam etdirəcəyi yaxın günlərdə dəqiqləşəcək.
«Ağ-qaralar»la sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verən yarımmüdafiəçiyə «Sabah» və «Səbail»in yaxından maraq göstərdiyi bəllidir.
Fəqət, millinin sabiq üzvünün ürəyi «Zirə»nin yanındadır. Qaraya yaxın şəxslər bu barədə qəsəbə təmsilçisini məlumatlandırıb.
32 yaşlı oyunçunun tanışları onun «qartallar»ın formasını geyinmək üçün maliyyə məsələsində hər cür güzəştə getməyə hazır olduğunu bildiriblər.
Rəşad Sadıqov «Qarabağ»da çiyin-çiyinə çıxış etdiyi keçmiş komanda yoldaşının üzləşdiyi hazırkı vəziyyəti yaxşı başa düşür.
Əlbəttə, onun acısına da qatılır. Axı vaxtilə özü də bu taleyi yaşayıb. Odur ki, Sadıqovun Qarayevə mərhəmətli yanaşması gözləniləndir.
«Zirə»nin çalışdırıcısı həmişə bu kimi məsələlərdə jest etməyi bacarır və yəqin ki, yenə adətinə sadiq qalacaq.
Qarayev ötən ilin yayında «Qarabağ»dan «Neftçi»yə keçib. Yeni klubunda illik qazancı 300 min dollara yaxın idi.
Roman Qriqorçukun yarımmüdafiəçinin xidmətindən imtina etməsi gözlənilməz oldu. Baş məşqçinin hazırlıq səviyyəsindən narazı qaldığı Qaranı əvəzedici heyətə göndərdi.
O da bir neçə tur «dubl»un kapitanı olaraq Əvəzedicilər Liqasında meydana çıxandan sonra rəhbərliyin təklifini qəbul etdi, anlaşmaya nöqtə qoydu.
SPORTİNFO.AZ