“Zirə”nin futbolçusu Abbas İbrahim Sportinfo.az-a müsahibə verib.
26 yaşlı nigeriyalı yarımmüdafiəçi Sportinfo.az-a komandasının Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Omoniya” üzərində qazanılan qələbə ilə bağlı sualları cavablandırıb.
- 1:0 hesablı qələbədən sonra əhval-ruhiyyən yerindədir?
- İlk oyundakı ağır məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. Əlhəmdüllilah, istəyimizə çatdıq. Əziyyət çəkərək meydanı qalib tərk etdik. Avrokubok mövsümü bizim üçün başa çatdı. Bundan sonra daxili yarışlara köklənəcəyik.
- Bu qələbəyə görə sevinirsən, yoxsa 0:6-nın üzüntüsü imkan vermir?
- O yenilgidən sonra əsas istəyimiz nəyə qadir olduğumuzu göstərmək idi. Şükürlər olsun ki, istəyimizi həyata keçirməyi bacardıq. Buna görə sevinməyə dəyər.
- Yeri gəlmişkən, Nikosiyada komandaya nə olmuşdu?
- Futbolda belə hallar qaçılmazdır. Bir gün düşərli olur, digəri xoşagəlməz. O gün bizim gün deyildi.
- Azarkeşlər cari mövsümdə “Zirə”dən nə gözləyə bilər?
- Ötən mövsüm olduğu kimi, yenə ən yaxşısını etmək üçün çalışacağıq. Məqsədimiz bizə uğur gətirən yerlərdən birini tutub yenidən avrokuboklara qatılmaqdır. Fikrimcə, bunun üçün yaxşı heyətimiz və imkanımız var.
- Çempionluq?
- Həyatda hər şey mümkündür. Ötən mövsüm yeni başlayanda bəlkə də heç kim ikinci yeri tutacağımızı və Konfrans Liqasının pley-offunda oynayacağımızı düşünmürdü.
HƏBİB