COP29

İnan ki, "Zirə qartalı" dimdiyini işə salıb, tarix yazacaq

18 Avqust 09:25 Zirə 687
İnan ki, "Zirə qartalı" dimdiyini işə salıb, tarix yazacaq

Zirə"nin Xorvatiyanın "Osiyek" kollektivini çətinliklə mübarizədən kənarlaşdıraraq, Konfrans Liqasının pley-offuna yüksəlməsi mövcud reallıqda ciddi uğurdur.

Bu nailliyyətə azsaylı "Zirə" azarkeşləri ilə yanaşı, yerli futbolsevərlər və idman jurnalistləri də sevinir.

"Zirə" qrup mərhələsinə adlasa, media mövzu sarıdan korluq çəkməyəcək. Əlbəttə, yazmağa və danışmağa hər zaman mövzu var.

Amma avrokuboklarda iştirak edən təmsilçi haqqında mövzular diqqəti daha çox çəkəcək. Həm də dolu mövsüm xəbərin bolluğuna işarədir.

Azarkeşlərə gəlincə, bəli, meydanda "Zirə"ni dəstəkləyən azdır, bunu bilirik. Ancaq avrokubok oyunlarına olan marağı digər klubların timsalında görmüşük. Odur ki, "Zirə" Konfrans Liqasının qrup mərhələsinə düşə bilsə, yerli futbolsevərlər onu da tək qoymayacaq. Çünki azarkeş bu turnirdə özünü müşahidəçi qismində yox, birbaşa iştirakçı obrazında görəcək.

Lakin bütün bunların reallaşması üçün Rəşad Sadıqovun baş məşqçilik etdiyi kollektiv pley-offda Kiprin "Omoniya" komandasını üstələməlidir. Bəs, "Omoniya" haqda nələr bilirik?

Bu klubunun özünəməxsus üsyankarlığı var. Kiprdə onların əsas rəqibi "Apoel" komandasıdır. Həvva Adəmin qabırğasından necə yaranıbsa, "Omonia" da 1948-ci ildə "Apoel"dən qoparaq müstəqil kluba çevrilib. Səbəb isə "Apoel"dəki kommunistlərlə yeni dünya tərəfdarlarının fikir ayrılıqları olub. Hər şərdə bir xeyir var deyiblər. O illərdə kommunistlər ayrılmasaydı, illərdir Kipr futbolunun inkişafına təkan verən "Omoniya" - "Apoel" rəqabəti yaşanmazdı.

1965-ci ildən avrokuboklarda iştirak təcrübəsi qazanan komandadır "Omoniya". Bu il isə avrokuboklarda daha inamlı təsir bağışlayırlar. Pley-offadək hər 4 oyunda qələbə qazanan ada təmsilçiləri əvvəlcə Gürcüstanın "Torpedo Kutaisi", ardınca isə Macarıstanın "Fehervar" kollektivini məyus ediblər.

Üstəlik, bu klubun təmsilçilərimiz ilə olan mübarizəsinə nəzər salanda üstünlük ada təmsilçilərinin tərəfindədir. Hərçənd "Omoniya"nın bizimlə tanışlığı heç də uğurlu başlamamışdı. Konfrans Liqasının 2021-2022-ci illər mövsümündə "Qarabağ" ilə eyni qrupda mübarizə aparan "Omoniya" ilk oyununu doğma şəhərində - Nikosiyada keçirmiş və 1:4 hesabı ilə məğlub olmuşdu. Lakin Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşmasında azlıqda qalmasına baxmayaraq, son dəqiqələrdə vurulan qol sayəsində 2:2 hesablı sülh bağlamışdı. Sonuncu qolu "Qarabağ" azarkeşləri hələ də unutmayıblar. Mövqeyindən xeyli irəli çıxan Şahruddin qapısında qol görmüşdü.

"Omoniya" ilə "Qəbələ"nin də yolu kəsişib. Bu, ötən il Konfrans Liqasının II təsnifat mərhələsinə təsadüf edib. "Kommunistlər" Azərbaycanda 3:2, Kiprdə isə 4:1 qalib gələrək mərhələ adlamışdılar.

Kipr komandalarının məxsusi "mübarizə əzmi" var. "Omoniya"nın genetikasında kommunist intizamı və inadkarlığı sezilir. Görünən odur ki, kommunistlər Konfrans Liqasının yeni mövsümündə rəqiblərinə aman vermir. Hər halda nəticələr belə deməyə əsas verir. İndiki vəziyyətdə "Zirə" ilə müqayisədə üstünlük "Omoniya"nın tərəfində görünür. Lakin futbolun bir özəlliyi də təəccübləndirməyi bacarmaq qabiliyyətidir. İnan ki, "Zirə qartalı" dimdiyini işə salıb, tarix yazacaq.

Ürfan Məmmədli

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…