“Mən onların hər biri ilə qürur duyuram“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə“nin qapıçısı Tiaqo Silva deyib.
"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Slovakiyada "DAK 1904" ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 2:1.
"Qartallar"ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.
Bakıda rəqibini dörd cavabsız qolla üstələyən "Zirə" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyadan "Osiyek" ilə qarşılaşacaq.
Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
Portuqaliyalı kiper qazanılan uğurlu nəticədə onun rolunun ön plana çıxarılmasına qarşıdır. Halbuki hava toplarında inamlı oyunu və iki epizodda “Zirə”ni 100 faizlik qoldan xilas etməsiylə yadda qalıb:
“Bu, meydanda daha çox qaçan və əziyyət çəkən komanda yoldaşlarımın zəhmətinin nəticəsidir. Mən isə üzərimə düşən işi gördüm.
Hər bir qapıçının borcudur ki, formasını geyindiyi komanda üçün əlindən gələni etsin. İndi hamımız sevinirik. İstəyirik ki, Avropada müsbət nəticələrin davamını gətirək“.