Fəaliyyətini dayandırmış klubun prezidenti uzun illər sonra üzə çıxdı

26 Aprel 23:20 Voleybol 581
Fəaliyyətini dayandırmış klubun prezidenti uzun illər sonra üzə çıxdı

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş medalçıları olan "Abşeron" qadın voleybol klubunun prezidenti İlqar Nuriyev prosport.az-ın suallarını cavablandırıb.

– Finaladək komandanızın cəmi 2 məğlubiyyəti bürünc medalçılar olan "Milli Aviasiya Akademiyası"ndan idi. Nə baş verdi ki, uduzmadığınız "Azərreyl"ə həlledici görüşdə yenilib, qızıl medalları qazana bilmədiniz?
– "Azərreyl"lə bu mövsüm Azərbaycan Kuboku da daxil olmaqla, 6 matç keçirmiş və hamısında qalib gəlmişdik. 7-ci oyunda nəsə qələbə qazana bilmədik. Bu, idmandır...

– Ola bilərmi ki, əvvəlki qələbələr bir arxayınlıq formalaşdırmışdı?
– Ola bilər. Müntəzəm çempionatı "Milli Aviasiya Akademiyası"ndan 9, "Azərreyl"dən 17 xal öndə bitirmişdik. Bir də 1-2 oyunçumuzun çıxışı istədiyimiz kimi alınmadı. Adlarını açıqlamaq istəmirəm. Həmin 2 oyunçumuzun çıxışı alınsaydı, qalib gələrdik.

– İstənilən halda, bu məğlubiyyətdən yaxşı dərs götürmək olarmı?
– Onsuz da hər qələbə, hər məğlubiyyət də özü bir təcrübədir. Ötən mövsüm də "Azerreyl"lə mümkün 12 xalın 10-nu qazandıq, amma finalda onlara uduzduq. "Azərreyl"ə qarşı yox, bizimkilərdə final sindromu var. Bir də ola bilər ki, bu qədər azarkeşin qarşısında özlərini itirirlər. Çünki müntəzəm çempionatda bu qədər azarkeş olmur. Biz hər şeyi mövsümün əvvəlindən yaxşı görmüşük. Çempionat boyu "Azərreyl"lə oyunlarda bütün statistikalarda biz üstün olmuşuq. Bu dəfə isə ya alınmadı, ya da 1 oyunda nəyisə düzgün etmədik.

– Növbəti mövsüm üçün hədəflər nə olacaq?
– İstəyirik ki, çempion olaq.

– Büdcə artırılacaq, yoxsa bununla da çempion olmaq mümkündür?
– Bu büdcə də artıqlamasıyla çempion olmağa bəs edir. 1 oyun zəif oynadıq, o da gəlib finala düşdü.

– Sponsorlarınız var?
– Yenicə FMG (Facility Managament Group) şirkəti ilə əməkdaşlığa başlamışıq. Formalarımızın üzərində onların adı var (forma üzərində AFFA Liqalarında çıxış edən METAK şirkətinin də adı var – red.). Onların rəhbərliyi də idmanı sevir. Növbəti mövsüm güclərimizi birləşdirib, daha yaxşı nəticə verməyə çalışacağıq.

– Siz əvvəl futbolda Sumqayıtın "Gənclərbirliyi" komandasının da rəhbəri olmusunuz. Futbolla voleybolda çalışmağın fərqi nədədir?
– İstər idmanda, istərsə də işdə prinsiplər olmalıdır. Forma dəyişir, ancaq prinsip dəyişmir. Bu sizin işdə də belədir. Sualı düzgün verməlisən ki, düzgün cavabı alasan.

– Futbol üçün darıxmamısınız? Oyunlara baxırsınız?
– Sözün düzü, Azərbaycan futboluna baxıram və məyus oluram. Bizim futbol belə olmalı deyil. Xatırlayırsınızsa, "Gənclərbirliyi" milli komandaya 22 nəfər futbolçu verirdi.

– Növbəti mövsüm çempionata kişilərdən ibarət komanda da buraxmağı düşünürsünüz?
– Xeyr, mümkün deyil.

– Bəs avrokuboklarda çıxış etmək istəyirsiniz?
– Belə bir planımız var və bu ehtimal çox yüksəkdir. Ya CEV, ya da Çelenc Kubokunda çıxış edəcəyik.

– Bu da yəqin maliyyədən asılı olacaq?
– Vallah, əslində mən bir yerdə çıxış etmək istəyirəmsə, statistika üçün orada olmaq istəmirəm. Sonadək mübarizə üçün çalışıram. İddiasız inkişaf ola bilməz. Biz az danışıb, çox iş görmək istəyirik.

Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq