"Fəxr edirəm ki, bu oyunçular Azərbaycanı seçiblər"

03:20 Voleybol 164
"Fəxr edirəm ki, bu oyunçular Azərbaycanı seçiblər"

"Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya Kubokunun qalibi olması ilə bağlı fikirlərini federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Voleybolçu bunun cari ildə qazandıqları ikinci kubok olduğunu vurğulayıb:

“Bu, cari ildə “Osasko” klubunun heyətində qazandığım ikinci kubokdur. Daha əvvəl Paulista Kubokunu qazanmışdıq. İndi isə Brazilya Kubokunun sahibi olduq. Finalda keçmiş klubum “Sesi Bauru”ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-offda isə ötən mövsüm çempion olan “Minas”ı 3:2 hesabı ilə məğlub etmişik. Komandaya gəldiyim ilk vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında əsas heyətdə yer aldım. Çünki bəzi oyunçuların oyunları istənilən kimi alınmırdı. Belə vacib görüşlərdə gözəl oyun sərgiləyə bildiyim üçün çox xoşbəxtəm”.

Milli üzvü final matçı haqqında düşüncələrini də bölüşüb:

“Oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və düşünürəm ki, məhz buna görə yaxşı formada idim. Final oyunu çox çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Matçda oyunqurucumuz dizindən zədələndi və biz ikinci oyunqurucusu ilə davam etdik. O, bizimlə az oynamasına baxmayaraq, gözəl çıxış etdi. Komanda kimi yaxşı oynadıq, çox xoşbəxtəm, bir daha komandamı təbrik edirəm”.

O, Azərbaycan çempionatını izlədiyini də söyləyib:

“Azərbaycan, eləcə də digər ölkələrin çempionatlarına vaxt olduqca baxıram, nəticələri izləyirəm. Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Cari mövsüm legionerlər də çoxdur. Bəzi oyunçuları tanıyıram. Çünki daha əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Bu gün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi voleybolun inkişafı üçün bir sıra işlər görür”.

34 yaşlı hücumçu millidə iştirakı barədə sualı cavablandırıb:

“Milli komandada iştirakıma gəlincə, bu gün hələ ki, bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Hər bir oyunçuya movsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlaşdırıram. Bundan sonra qərar verəcəyəm”.

P.Rəhimova yığmanın İslam Həmrəyliyi Oyunlarında qalib gələ biləcəyini istisna etməyib:

“Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, yığma İslamiadada mükafatçılar sırasına düşə, hətta qalib də gələ bilər. Komanda bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik”.

P.Rəhimovanın formasını geyindiyi "Osasko" Braziliya Kubokunun finalında "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO