"Turnirə yaxşı hazırlaşmalıyıq".
Sportinfo.az xəbər verir ki, bunu kişilərdən ibarət Azərbaycan yığmasının voleybolçusu Roman Qurski deyib.
23 yaşlı idmançı Gümüş Avropa Liqasındakı hədəflərdən söz açıb:
"Ötən il Qızıl Avropa Liqasında böyük təcrübə topladıq. Özümüz üçün müəyyən nəticələr çıxartdıq. İndi də yaxşı kollektivlərlə mübarizə aparacağıq.
Hər şey fiziki hazırlığımızdan və komanda olaraq sərgiləyəcəyimiz oyundan asılıdır. Ötən il gənc kollektiv idik. Amma indi hamının oyun təcrübəsi var. Biz öz gücümüzü göstərməyə çalışacağıq".
Hazırda "Xilasedici" klubunda çıxış edən oyunçu əsas məqsədlərinin inkişaf etmək olduğunu söyləyib:
"Ölkəmizin şərəfini layiqincə qorumalıyıq. Bizim kifayət qədər perspektivli voleybolçularımız var.
Onların Avropada özlərini sübut etmək vaxtıdır. Gümüş Avropa Liqasında finala yüksələcəyimizə inanıram".
Azərbaycan yığması yarışda Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə üz-üzə gələcək. Turnir 2025-ci il 30 may - 6 iyul aralığında baş tutacaq.