Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu yığmanın Avropa çempionatına vida etməsi ilə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb:
“Xəyallarımız hüdudsuz idi, amma nə qədər çalışsaq da, təəssüf ki, dünən bitdi.
Biz çox darıxdığımız hissləri təkrar hiss etmək və hiss etdirmək üçün bu yola çıxdıq. Eyni məqsədə çatmaq üçün bir araya gəldiyimiz zaman nə qədər gözəl olduğumuzu xatırlamaq da çox vacib idi.
Hesab edirəm ki, biz ölkə olaraq buna nail olmuşuq. Bu turnir bizim üçün gələcəkdə dönüş nöqtəsi kimi yadda qala bilər.
İndi etməli olduğumuz tək şey birlikdə işləməyə davam etmək və türk futbolunun hər zaman layiq olduğu yerlərdə olmasını təmin etməkdir.
Bu turnirdə əməyi olan məşqçilərimizə, bütün komandaya, komanda yoldaşlarıma və Almaniyada və evdə bizə böyük dəstək olan azarkeşlərimizə çox təşəkkür edirəm. Biz birlikdə gözəlik. “Türkəm” deyən nə xoşbəxtdir”.
Türkiyə millisi ötən gün 1/4 finalda Niderland millisinə uduzaraq (1:2) AÇ-2024-lə vidalaşıb.