Süni örtüklü meydançaların futbolçular üçün nə qədər zərərli olması barədə çox danışılıb.
Xüsusən də, Tovuza səfər edən komandaların məşqçiləri burada yaşadıqları çətinlikləri dilə gətirib.
Lakin artıq ikinci mövsümdür ki, bu problem həllini tapmır. Deyəsən, bu gedişlə Tovuz stadionunun örtüyü ilə bağlı dolaşıq durum hələ uzun müddət belə qalacaq.
Məsələ burasındadır ki, "Turan Tovuz"un rəhbəri AFFA-dan dəstək istəyir. Deyir ki, xərclərin 50 faizini özü qarşılasın, qalan yarısını da federasiya kömək eləsin, birləşib Tovuz stadionuna təbii örtüklü meydança salsınlar.
Bu məsələ artıq ikinci ildir müzakirə olunsa da, AFFA Ehtiram Quliyevin səsinə səs vermək istəmir. Futbola xidmət etmək üçün İcraiyyə Komitəsində yer alan bir qrup şəxs də bu məsələdə səsini çıxarmaq istəmir.
Tovuz stadionu ilə bağlı AFFA-dan da açıqlama aldıq. Mətbuat xidmətindən qısaca bildirildi ki, 2025-ci ilin büdcəsində sözügedən məsələ ilə bağll maliyyə ayrılması nəzərdə tutulmayıb.