2022-ci ilin ilk rübündən «Turan Tovuz»un formasını geyinən Roderik Millerə yeni təklif gəlib.
Müdafiəçi bu dəfə Səudiyyə Ərəbistanından dəvət alıb.
Birinci liqanın 2 iştirakşısı Panama yığmasının üzvü ilə əlaqə yaradıb. Ərəblər onu iki+bir illik müqavilə şərtləri ilə razı salıb.
Şimalı amerikalı həmçinin Azərbaycan və Avropanın müxtəlif ölkələrindən bir neçə komanda ilə danışıqlar aparır.
“Turan”a gələnə qədər İraqda çixış etmiş Millerin Tovuz təmsilçisi ilə sözləşməsi 2025-ci ilin yayınadək qüvvədədir. Amma o, burada qalmağa daha həvəs göstərmir.
Milleri narazı salan əsas məqam Kurban Berdiyevlə bağlıdır. Belə ki, baş məşqçinin iş metodikasından, məşq prosesindən və ona münasibətindən məmnun deyil.
2023-cü ilin martından ölkəmizdə çıxış edən panamalı ilə rusiyalı mütəxəssisin arası Şamaxı səfərindən sonra dəyib.
«Araz-Naxçıvan»la Tovuzda keçirilən matçın (1:2) əvvəlində Ramon Maçadonun üzünə vurduğu təpik zərbəsinə görə ciddi zədə alan arxa xətt oyunçusu «Şamaxı» ilə görüşdə iştirak etmək istəməyib.
Amma Berdiyev ikinci hissənin gedişində ondan meydana çıxmasını tələb edib. Miller yalnız ağrıkəsici iynə vurdurduqdan sonra yaşıl sahəyə ayaq basıb.
«Turan»dan ayrılmağı fikrindən keçirən futbolçuların sayı çoxdur, əslində. Həm yerlilər, həm də əcnəbilər arasında.
Onların Berdiyevə münasibəti heç də yaxşı deyil. Sadəcə, müqavilə şərtlərinə görə səslərini açıq-aşkar çıxara bilmirlər.
Başa düşürlər ki, başqa yerə getsələr, «Turan»dakı qədər pul qazanmayacaqlar.
SPORTİNFO.AZ