Ehtiram Quliyev “Turan”ın Avropada biabır olmasınımı istəyir?

14:40 Turan 493
Ehtiram Quliyev “Turan”ın Avropada biabır olmasınımı istəyir?

«Turan Tovuz»da bıçaq sümüyə dirənib.

Futbolçuların böyük qismi gün sayır, Kurban Berdiyevin getməsini istəyir.

Bunu klubda bilməyən və görməyən yoxdur. Amma daş qayayay rast gəlib, 72 yaşlı rusiyalı öz xoşuna ilə buradan ayrılana oxşamır.

Zərbə isə kimə dəyir, əlbəttə, Ehtiram Quliyevə! İdarə Heyətinin sədri komanda ilə baş məşqçi arasında qalıb.

Bilmir oyunçuların tərəfini saxlasın, yoxsa baş məşqçinin. Necə deyərlər, yuxarı baxır, bığı görür, aşağı baxır, saqqalı görür.

Sözsüz, su bardağının da daşacağı bir gün var. O gün isə çox uzaqda deyil, hər halda sezonun başa çatmasına 1 ay qalıb.

«Şamaxı» ilə dünənki qarşılaşma Ehtiram Quliyevin sükutunu pozmalıdır. Yetərincə sakit dayandı ötən aylar ərzində, daha bəsdir!

Kifayət qədər yaşı var, həyat və iş təcrübəsi böyükdür, görmür ki, komanda oynamır? Yalnız standart vəziyyətlərdən qol vurulması ona xoş gəlir?

Künc və cərimə zərbələrindən yaxşı faydalanırlar, amma futbol bu iki elementdən ibarət deyil axı…

«Sabah» çempionatın başını buraxıb. «Neftçi» qara gündədir. Bu aspektdən çempionatı seyr etsək, «Turan»ın gerçəkdən də bəxti gətirib.

«Qarabağ» ölkə kubokunu qazansa, «Turan» liqadan dördüncü yerin sahibi kimi Konfrans Liqasına vəsiqə qazanacaq.

Berdiyev onadək vəzifəsini tərk eləməsə, bax, əsl həngamə onda və orada qopacaq. 30 ildən sonra Avropaya dönəcək «Turan»ın biabırçılıqla üzləşməsini biz də istəmirik, tovuzlu azarkeş də istəmir.

Ehtiram Quliyev də bunu istəmirsə, Berdiyevin Rusiya keçmişinin arxasında əzilib eləməsin ta, sükanı Yunis Hüseynova tapşırsın.

Bu, hal-hazırda onun yeganə çıxış yoludur.

Uduzmaz.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti