
“Turan Tovuz” avrokuboklara vəsiqənin dalınca düşüb.
Hansı ağılla? Hansı məqsədin dalınca getmək istəyirlər görəsən?
Bu futbolla sıradan Avropa komandası “Turan”ın üstündən keçər e.
Son 8 oyunun nəticələrinə baxın. Yalnız bir qələbə qazanb, onda da 10 nəfərlə qalan “Sabah”ı güc-bəla ilə udub.
Öz meydanında, o qədər azarkeşin qabağında “Sumqayıt”la “Zirə”yə uduzub, yarımcan “Neftçi”ylə, sonuncu pillədəki “Səbail”lə, büdcədə özündən qat-qat zəif “Şamaxı”yla bərabərə qalan komanda Avropada nə edə bilər? Heç nə!
Əminliklə deyirəm, bu gün “Turan” çempionatın ən bərbad futbol oynayan komandasıdır. Nə məzmun var, nə düşünülmüş kombinasiya, nə baş məşqçi işi. Ucqar kənddən gələn azarkeş belə, üsyan edir, qane olmur belə oyunla. Adamın ürəyi sıxılır axı.
Yaxşı ki, futbolu yaradanlar künc zərbəsini icad ediblər. Heç olmasa kornerlərin hesabına nəsə etməyi bacarırlar. Künc zərbələri olmasa, “Turan” çempionatda qalmaq üçün mübarizə aparar.
“Məmmədağa, vur qabağa” ilə Azərbaycanda nisbi uğur qazana bilərsən. Avropada kimdir sənə bu oyunla güzəşt edən? Orda müdafiəçilər var ki, ucaboy Hakmana, Millerə, Kauana, Haydersona nəinki qol vurmağa, heç tullanmağa imkan verməzlər.
Hay-küyə düşüb, bərbad futbolla avrokuboklara vəsiqə qazanıb, birinci mərhələdən geri qayıtmaqdansa, yayda normal komanda yığıb, növbəti mövsümə düz-əməlli hazırlaşmaq daha məntiqlidir.
HƏBİB / SPORTİNFO.AZ