
“Turan Tovuz”un ciddi itkiləri olmasaydı, bölgə təmsilçisi dördüncü yeri qorumaq yox, medallar uğrunda mübarizə aparacaqdı.
Ötən ilin sonlarında Roderik Miller, Denis Marandiçi, Şəhriyar Əliyev kimi aparıcı müdafiəçilərin sıradan çıxması nəticələrə birbaşa təsir etdi.
Panama millisinin şərəfini də qoruyan Millerlə söhbətləşib, tovuzlu azarkeşlər üçün gözlənilən qayıdışla bağlı müjdə aldıq.
-Zədənlə bağlı vəziyyət nə yerdədir? Yaşıl meydanlara dönüşün nə vaxt mümkün olacaq?
-Hazırda vəziyyətim yaxşıdır və sağalmağımın son mərhələsindəyəm. Qayıdıram. Sabahdan komanda ilə məşqlərə başlayacam. Nə vaxt oynayacağım isə məşq proseslərindən və baş məşqçinin qərarından asılıdır. Hazırkı durumum ünidvericidir, zədəm demək olar sağalıb.
-Oyunları kənardan izləməyin yaratdığı hisləri sözlə necə ifadə edə bilərsən?
-Əsasən acizlik hissi adamı yorur. Meydanda olub komanda yoldaşlarına kömək etmək istəyirsən, ancaq bacarmırsan. Baxıram ki, oyunda olan hər bir futbolçu meydanda can qoyur, “Turan Tovuz”a kömək etmək üçün hər şey edir. Hamı bir məqsəd uğrunda mübarizə aparır. Buna sevinməmək mümkün deyil.
-Sən, Şəhriyar və Denis dekabrdan bu yana komandaya kömək edə bilmirsiz. Sizin yoxluğunuzda “Turan Tovuz”un vacib xallar itirdiyinin fərqindəsən?
-Razıyam, komanda üçün əhəmiyyətli itkilər verdik. Yeni futbolçular gələndən sonra bir müddət anlaşılmazlıqların olması normal idi. Artıq bir müddətdir ki, birlikdə oynayırlar və bu, bir-birimini daha yaxşı başa düşməyə kömək edir. Artıq qışda gələn komanda yoldaşlarımıza alışırıq.
-“Turan Tovuz”un avrokuboklara vəsiqə qazanmaq şanslarını necə qiymətləndirirsən?
-Kimdənsə asılı deyilik, hər şey öz əlimizdədir. Düşünürəm ki, çox çətin oyunlar olacaq. Amma hədəfə çata bilərik. Üçüncü pilləyə yüksəlmək xoş olar. Lakin dördüncü olacağımız halda, “Qarabağ” və ya “Araz-Naxçıvan” kuboku qazansa, qarşımızda avrokuboklara vəsiqə şansı yaranacaq. Hər şey Allahın əlindədir və bu matçlarda göstərdiyimiz səydədir.
HƏBİB / SPORTİNFO.AZ