
“Kənardan baxıb pis oluram, meydana çıxıb komanda yoldaşlarıma kömək etmək istəyirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un zədəli kapitanı Şəhriyar Əliyev deyib.
Təcrübəli futbolçu mövsümün ilk yarısında bölgə təmsilçisinin əsas heyətində möhkəmlənsə də, dekabr ayında aldığı zədə onu futboldan uzaq saldı.
Müalicəsi hələ də davam edən Əliyev 2025-ci ildə meydana ayaq basmayıb. Və bu gedişlə maya qədər oynaya bilməyəcək.
Səbəbkar oynamaq üçün alışıb-yandığını deyib, bərpa zamanı səhvə yol verildiyini gizlətməyib:
“Bəli, müalicə xeyli zaman aldı. Bu da bərpanı düzgün keçməməyimizlə bağlıdır. Yüngül məşqlərə başlamışdım, zədə yenidən təkrarlandı.
Məcbur qalıb müalicəyə sıfırdan başladıq. Görünən odur ki, mövsüm mənim üçün başa çatıb.
Ancaq çox çalışıram ki, heç olmasa, mövsümün son matçlarında komandama kömək edim. Terapiyalar zamanı səylə çalışıram.
Kənardan baxmaq kapitan kimi mənə çətindir. Zədəlilərimizin çoxluğunda meydana çıxan futbolçularımızın necə əziyyət çəkdiyini görürəm. Geniş rotasiyalara da imkan yoxdur”.
Şəhriyar gərgin keçən mövsümün sonunda “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanacağına inandığını da sözlərinə əlavə edib”.
2022-ci ildən bölgə təmsilçisinin uğuları üçün tər tökən “4 nömrə” geridə qalan müddətdə “Turan Tovuz”un heyətində 81 oyunda meydana çıxmaqla 4 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB