
32-ci turun açılış oyunu “Turan Tovuz” – “Şamaxı” qarşılaşması ilə baş tutacaq.
Bölgədə baş tutacaq bölgə təmsilçilərinin duelinin marağa səbəb olacağı sirr deyil.
Tovuzlu fanatların sevimlisinə çevrilən Ayxan Abbasovun 2022-2024-cü illər aralığında çalışdığı bölgəyə səfər etməsi matça rəng qatan başlıca məqamlardandır.
Düzdür, bu, onun üçün ilk deyil. Cari mövsümdə “Kəpəz” və “Turan Tovuz”la görüşlər üçün üç dəfə Tovuza baş çəkib.
Lakin rəqib komandanın “sükanı” arxasında Abbasovun olması hər bir halda intriqanı gözəlləşdirir.
2024/25 ”futbol ili”ndə komandalar üç dəfə qarşılaşıb. Və bütün dellər gərginliyi ilə yadda qalıb. Büdcə və şərait baxımından arada yerlə göy qədər fərq olmasına baxmayaraq, şamaxılılar bütün hallarda avrokuboklara iddialı rəqibinə boy göstərməyi bacarıb.
Şamaxıdakı oyunlardan birincisində meydan sahibləri son saniyələrə qədər hesabda 2:1 öndə olmasına baxmayaraq, Kristian da Silvanın 90+5-ci dəqiqədə penaltidən vurduğu qol hər iki tərəfə 1 xal qazandırmışdı.
İkinci dövrədə Tovuzda gerçəkləşən qarşılaşma da yerli azarkeşləri xeyli həyəcanlandırmışdı. “Şamaxı” ilk hissəni qalib başa vurmuş (2:1), Ayxan Abbasovun “Turan”a gətirdiyi iki legioner fasilədən sonra qonaqları məyus etmişdi.
Öncə Alexandro Serrano penaltidən fərqlənmiş, 90+4-cü dəqiqədə Roderik Miller komandasına 3 xal qazandıran qolla alqış qazanmışdı.
Fevralda Şamaxıda keçirilən növbəti, yəni sonuncu oyunda qərb təmsilçisi Aleksin yeganə qolu ilə qələbəyə sevinmişdi.
Göründüyü kimi, cari mövsümdə komandalar arasında baş tutan görüşlər gərginliyi ilə yadda qalıb. “Turan” iki dəfə son saniyələrdə fərqlənib, sonuncu qarşılaşmada isə yeganə qolla qalib gəlib.
Bu axşam “Şamaxı” qalib gələcəyi təqdirdə “Neftçi”ni geridə qoyub altıncı pilləyə yüksələ, növbəti turlarda beşinci yerə iddia edə bilər. Ancaq bir şey də var ki, “Turan” üçüncü pilləni “Araz-Naxçıvan”dan almaq üçün dəridən-qabıqdan çıxır.
Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO,AZ