
“Araz-Naxçıvan”la “Turan Tovuz” arasında baş tutan oyundan sonra qonaq futbolçuların əhvalı yerində deyildi.
1:1-lik bərabərlikdən razı qalmayanlar jurnalistlərlə ünsiyyətdən qaçmağı çıxış yolu hesab edirdi.
Yalnız Sergey Samok Sportinfo.az-ın suallarını cavablandırmağa razılıq verdi ki, rusiyalı qapıçıdan sözləri “kəlbətinlə” çıxardım.
- Komandada əhval-ruhiyyənin yerində olmaması nəticəyə görədir?
Yəqin ki. Çünki bura qələbə dalınca gəlmişdik və buna yaxın idik. “Araz-Naxçıvan” bir real qol şansı yaratdı, o da qol oldu. Bizim imkanlar daha çox idiş Son 15-20 dəqiqədə rəqib azlıqda oynayırdı, düşünürdüm ki, qələbə topunu vurarıq.
- Nəticə oyuna görə olmadı?
-2 xal itirdiyimizi düşünürəm.
- Qalib gəlsəydiniz, “Araz”la xal fərqi 2-yə enəcək, üçüncülük uğrunda mübarizə qızışacaqdı. Bu nəticədən sonra intriqanın öldüyünü demək olar?
- Tam doğru qeyd edirsiniz. Qələbə qazansaydıq, həm xal fərqi azalacaqdı, həm də sürət yığacaqdıq. Psixoloji yüksəliş olanda uğurlu nəticə qazanmaq rahatlaşır.
- Bundan sonrakı prosesi necə təsəvvür edirsən?
- Qarşımızda duran məqsəd üçüncü yerdir. Qarşıda 5 oyunun qaldığını nəzərə alsaq, bəlkə də 5 xallıq fərqi aradan qaldırmaq olar. Çətindir, düzdür, amma mümkünsüz deyil. Bu günə qədər rəqibin adından asılı olmayaraq hər oyuna qələbə üçün çıxmışıq. Bundan sonra da məqsədimiz dəyişməyəcək.
- Hədəf üçüncü yerdir, yoxsa avrokuboklara vəsiqə qazanmaq?
- İkisi də eyni məqsədə xidmət edir.
-Ölkə kubokunu “Araz”la “Qarabağ”dan biri qazansa, dördüncü yerlə Konfrans Liqasına vəsiqə qazanmaq mümkündür.
- Biz öz uğurumuzu hansısa rəqibin uğurunda, yaxud uğursuzluğunda axtarmırıq. “Olsa, olmasa, alınsa, alınmasa” – bu kimi fərziyyələrlə yaşamaq doğru deyil. Qaydalar nə deyirsə, ona uyğun addım atırıq. Birdən kuboku “Sabah” qazandı, onda necə olacaq?
- Çempionat mövsümün ortalarında gərgin keçirdi, yoxsa indi?
- Həmişə çətindir. Sadəcə, indi məsuliyyət və cavabdehlik daha çoxdur. Əvvəl xal itirəndə bəlkə də çox fərqinə varmırdıq ki, növbəti oyunlarda sığortalayarıq. Lakin indi itirilən xalların bədəlini ödəmək mümkün deyil. İndiki vəziyyət daha ağırdır.
HƏBİB