
Ötən gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.
Klubun İdarə Heyətinin rəhbəri Ehtiram Quliyevin baş rol aldığı tədbirdə diqqətçəkən məqamlardan biri də mərasimə çağırılan qonaqlarla bağlı olub.
Belə ki, qonaqlar arasında nə AFFA, nə də Peşəkar Futbol Liqasının rəhbərliyində təmsil olunan şəxslər yer alıb.
Ölkə futboluna cavabdeh qurumların rəhbərliyində təmsil olunan şəxslərin tədbirdə iştirak etməməsi isə müzakirələrə səbəb olub.
Bəs, görəsən, onlar belə vacib tədbirdə niyə iştirak etməyib?
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Sportinfo.az-a bildirib ki, klub açılışda iştirak etmək üçün onlara dəvət göndərməyib:
“Əgər belə bir dəvət gəlsəydi, böyük məmuniyyətlə orada olardıq“.
Bir müddət öncə AFFA-nın İntizam Komitəsi “Turan Tovuz”u 20 min manat cərimələyib.
Buna səbəb kimi bölgə təmsilçisinin bəyanat yayaraq AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verməsi göstərilmişdi. Bundan sonra tərəflər arasında soyuq münasibət yarandığı iddia olunurdu.