
"Turan Tovuz"un Kürdəxanıda yerləşən təlim-məşq bazasının inşası çərçivəsində standart ölçülü təbii örtüklü meydançalardan biri istismara hazır vəziyyətə gətirilib.
Meydança məşq və yoxlama oyunlarını keçirmək üçün zəruri otaqlar və avadanlıqlarla təmin olunub.
Bu, təqribən 1 il öncə açıqlanan planın yalnız bir hissəsidir. İşlərin əksəriyyəti isə hələ qalıb.
Məsələn, klubun əsas və aşağı yaş qrupları üzrə komandalarının qalacağı otel tipli bina və iki meydança - onların inşası istiqamətində heç bir addım atılmayıb, daş üstünə daş qoyulmayıb.
Bir duş kabinesi və balaca hovuz baza deməkdir ki?
Halbuki bazanın mart ayında təhvil veriləcəyini dair rəsmi açıqlama olmuşdu.
Takintinin vaxtında başa çatdırılmaması Ehtiram Quliyevin imicinə böyük zərbədir. Klubun İdarə Heyətinin sədri belə yarımçıq iş görürsə… Deyəsən, onun hər işi belədir.
Baza hazır deyilsə, bir meydança ilə özünü reklam etmək, görəsən, hörmətli Ehtiram bəyin nəyinə lazımdır? «Mən də klub üçün nəsə etdim» demək üçün?
Tutaq ki, əsas və aşağı yaş qrupları eyni vaxtda Bakıya gəlməli oldu, onlar harada məşq keçəcək? Yaxşı, biri Kürdəxanıda meydana ayaq basdı, bəs digərləri hara üz tutacaq?
Baza dediyimiz məkan yalnız bir qazondan ibarət olmamalıdır. Bilirik ki, Kurban Berdiyev necə sərt baş məşqçidir. O, meydanı akademiyanın yetirmələri ilə bölüşməyə razılıq verməyəcək.
«Baba»nın hazırlıq prosesi keçdiyi müddətdə həmin ərazinin üstündən heç quş da icazəsiz uça bilməz.
Rusiyalı mütəxəssis özünü artıq belə tanıdıb, məgər dəyərli Quliyev bundan xəbərsizdir?
Hər şeydən reklam tutmaq, bir balaca işi bu cür şəkilləndirmək, özünü dağı dağ üstünə qoymuş qəhrəman kimi təqdim etmək, əlbəttə ki, klubun birinci şəxsinə yaraşmır.
Tikintini apar, təmirini elə, bazanın rəsmi təhvil ver, hə, onda hamı bir ağızdan desin ki, afərin! Yoxsa ki, 1 ilə yaxındır «Kürdəxanıda möhtəşəm baza inşa edirəm» bəyanatları ilə manşet olub, axırda da bir meydança ilə çıx ortaya…
Bu, qətiyyən düzgün deyil, uzuz şoudur. Ona heç yaraşdırmadıq.
SPORTİNFO.AZ