
Xeyli müddətdir ki, «Turan Tovuz»da eniş var.
İlin əvvəlindən bu yana 3 ay keçib, amma çöküşun qarşısını almaq mümkün olmayıb.
Bu xəmir hələ çox su aparacaq. Rəhbərliklə Kurban Berdiyev arasında mövcud olan «soyuq müharibə» komandaya çox pis təsir edib.
Futbolçular bu «müharibə»də baş məşqçinin yanında deyil. Onlar «Baba»ya münasibətdə klub rəsmiləri ilə həmfikirdir.
Düşərgədə 2-3 nəfər olar ki, Berdiyevin vaxtından əvvəl buradan çıxıb getməsini istəməsin. Qalanları hamısı baş məşqçinin ayrılacağı günün ipini səbirsizliklə çəkir.
Mərdəkanda keçirilən dünənki oyun bunun isbatıdır. Əninə ağ forma geyinənlərin az qala yarısı meydanda vaxt keçirdi, qələbədən ötrü can qoymadı.
Səhvlər yenə çox idi. Bunu matçdan sonra Yunis Hüseynov da qeyd etdi.
Berdiyevin köməkçisi zədəlilərin çox olduğunu, ona görə də riskə getmədiklərini bildirdi, dərinə getmədi.
Əlbəttə, ondan bu da gözlənilmirdi. Baş məşqçinin yardımçısıdır, komandada ikinci-üçüncü fiqurdur, hər şeyi mediaya danışası deyil ki?!
Amma bir incə proses var, onu gərək mən açıb söyləyim. Bu, futbolçuların Yunis Hüseynovun özünü sükan arxasında görmək istəməsidir.
Nəinki yerlilər, legionerlərin da böyük əksəriyyəti Hüseynova simpatiya bəsləyir və gözlənilən dəyişikliyin onun xeyrinə olmasını arzulayır.
MUSA