
"Turan Tovuz" mövsümdəki ən yaxşı oyunlarından birini Mərdəkanda keçirdi.
Xüsusilə ilk qola kimi qonaqlar "Araz-Naxçıvan" qarşısında üstün tərəfə çevrilə bilmişdi.
Futbolçularda yüksək motivasiya aydın sezilirdi. Yəqin ki, qələbə təqdirində veriləcək yüksək mükafat burada öz sözünü deyirdi.
İstənilən halda, fiziki, psixoloji baxımdan qonaqlar dinamik görünürdü.
Elə vurulan qol da oyunun məcrasına uyğun idi.
Amma ardını gətirmək mümkün olmadı.
Halbuki bunun üçün ikinci yarı çox gözəl fürsət ələ düşmüşdü.
Vanderson Melonun qırmızı vərəqə alaraq qarşılaşmanı erkən tərk etməsilə.
Təxminən 20 dəqiqə azlıqda qalan naxçıvanlıların qapısı önündə ciddi həmlə yaratmaq mümkün olmadı.
Bunun üçün hər hansı addım belə atılmadı.
Gözləmək olardı ki, Berdıyev anında dəyişikliklərə gedəcək.
Topla rəftarı yaxşı olan Xəyal Nəcəfovu meydanda görə bilərdik.
Müdafiədə bir işə yaramayan Araş Qaderiyə heç olması son dəqiqələrdə üçüncü fazada güvənmək olardı. Ki, hava toplarında faydalı iş əmsalını bir neçə oyunda görmüşük.
Amma bunların heç birini baş vermədi. Say üstünlüyü əldə edəndən sonra ümumiyyətlə əvəzetməyə ehtiyac duyulmadı.
Məsələn, ötən tur "Sabah"ın azlıqda qalmasının ardınca fasilədəcə həm sistem, həm də oyunçu dəyişikliyinə gedilmişdi. Nəticəsi də özünü çox gözlətmədi.
Bu dəfə eynisini görmədik.
3 xala hava-su kimi ehtiyacı olan komandanın qələbə üçün ciddi nəsə etməməsi qaranlıq olaraq qaldı.
Riskə getmək əvəzinə təşəbbüsü rəqibə vermək yolu seçildi.
Görəsən, belə fürsəti də layiqincə dəyərləndirməyən "Turan"ın üçüncü pilləyə qalxması üçün başqa nələr baş verməlidir?
Bu gedişlə daha heç nə...
XANOĞLAN İMANOV