
Bu gün 31-ci turun açılış oyunu, başqa cür desək, turun mərkəzi qarşılaşması Mərdəkanda baş tutacaq.
Bəli, məhz mərkəzi qarşılaşma. Çünki bu görüşün yekun nəticəsi və oyunun prinsipiallığı “Qarabağ” – “Neftçi” duelindən daha çox önəm daşıyır.
Qızıl ve gümüş medalların sahibləri rəsmiləşməsə də, hansı komandalara sahib olacağı böyük ölçüdə bəllidir. “Qarabağ” çempionluğu bayram edəcək,
“Zirə” ötən il olduğu kimi, cari mövsümü də ikinci pillədə başa vuracaq. Hadisələrin gedişatı başqa cür düşünməyə imkan vermir. Təbii ki, möcüzə baş verməsə.
Üçüncü yer uğrunda iki komanda mübarizə aparır. Biri “Araz-Naxçıvan”dır, digəri “Turan Tovuz”. Birincilər 52 xalla iüçüncü sırada yer alıb, ikincilər 47 xalla dördüncü sıradadır.
Deməli, “Araz” bu axşam qalib gələcəyi təqdirdə, əsas rəqibi ilə xal fərqi 8-ə yüksələcək. Bu, “bürünc”ün taleyininin böyük ölçüdə həll olunması anlamına gələcək.
Çünki növbəti 5 oyunda Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın azı 3 matçda məğlub olacağı ağlabatan deyil.
Yox, 90 dəqiqənin tamamında 3 xala tovuzlular sevinsə, əsl həngamə bundan sonra başlayacaq. Belədə aralarındakı xal fərqi 2-ya enəcək ki, qarşıdakı 5 görüşdə psixoloji üstünlük “Turan”ın tərəfində olacaq.
Bu ilin əvvəlində ikinci yeri “Zirə”yə verən “Araz” üçüncü pilləni itirməyin qorxusu ilə yaşayacaq və xal itkiləri qaçılmaz olacaq. Bir sözlə, bürünc medalların taleyi son turlara qədər havadan asılı qalacaq.
Yeri gəlmişkən, cari mövsümdə komandalar arasında baş tutan üç oyunun ikisində qələbəyə Naxçıvan təmsilçisi sevinib.
Səfərdə 2:1, Mərdəkanda 1:0 hesabı ilə üstün olan “qırmızı-ağlar” üçüncü dövrədə Tovuzda baş tutan dueldə 0:1 hesabı ilə uduzub.
Aprelin 18-də “Liv Bona Dea Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ