
Şənbə günü Tovuzda əsl bayram idi. Futbol bayramı.
“Turan Tovuz”la “Sabah” arasındakı görüşün yekun nəticəsi əsas məsələyə – “qərb təmsilçisi mövsümü ilk “4-lük”də başa vura biləcək?” sualına aydınlıq gətirəcəkdi.
Qonaqların qalibiyyəti aradakı xal fərqini 5-ə endirəcəkdi. Belə olacağı təqdirdə qarşıdakı 6 tur əsl ölüm-qalım savaşını xatırladacaqdı.
Odur ki, fevralın 23-dən bu yana qələbə üzünə həsrət qalan və son üç ev oyununda məğlub olan “Turan”dakı gərgin vəziyyəti anlamaq çətin deyildi.
Pavol Şafrankonun qırmızı vərəqə almsayla qələbə şansı yüksələn qərblilərin bu cür imkanı əldən verməsi ağılsızlıq olardı. İlk hissədə hesabda geri düşən Kurban Berdıyevin yetirmələri fasilədən sonra iki vacib qollar meydanı istədiyi qədər xalla tərk etməyi bacardı.
Berdıyevi texniki zonadan qovan Elçin Məsiyevin final fitindən sonra stadionda bir “vur çatlasın” başladı ki, gəl görəcək.
Azarkeşlərin musiqi sədaları altında rəqs etməsi, legionerlərin klubun bayrağını həvəslə dalğalandırması və bütün bunları görən “Turan”ın İdarə Heyətinin sədri Ehtiram Quliyevin qələbəni ayaq üstə alqışlaması inanılmaz mənzərəyə səbəb oldu.
Biz də həmin anların görüntülərini telefonun yaddaşına köçürdük.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN